12:03 16-04-2010
news_image
502
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz fiziki hazırlıqlara başladı

Stend atıcılığı üzrə Azərbaycan yığması Dünya Kubokunda iştirak etmək üçün Çinə yollanıb. Milli komandanın baş məşqçisi Hafiz Cəfərovun apasport.az saytına verdiyi məlumata görə, atıcılarımız səfərə məşqçi Pərviz Axundovun rəhbərliyi altında çıxıblar.
O trap növü üzrə yarışlarda 2, skit növündə 4 idmançının (2 kişi və 2 qadın) mübarizə aparacağını bildirib.

Baş məşqçi yarışlarda Olimpiya çempionu Zemfira Meftahətdinovanın iştirak etməyəcəyini və onun gələn ay İtaliyada mübarizəyə qoşulacağını vurğuladı: “Səfərə əsasən gənclər yollanıb. Heyətdə Meftahətdinovanın olmaması isə onun hazırlıqlara yenicə start verməsidir. Müəyyən fasilədən sonra Olimpiya çempionumuz fiziki hazırlıqlarla məşğuldur. Tezliklə öz formasını tam bərpa edəcək və yarışlara qatılacaq”.

Bu il dünya çempionatından başqa lisenziya yarışlarının olmamasını bildirən baş məşqçi əsas yarışların gələn ildən başlayacağını dedi: “Bu il yalnız iyulun sonlarında təşkil ediləcək dünya çempionatında London-2012-yə lisenziya veriləcək. Orada da 1-ci yerin sahibi bu hüquqa yiyələnəcək. Gələn ildən isə bu yarışların sayı artacaq”.

Qeyd edək ki, Çində mübarizə aparacaq idmançılarımız silahlarını aprelin 19-20-də (skit) və 23-24-də (trap) işə salacaqlar.