11:41 17-04-2010
news_image
1542
DİGƏR NÖVLƏR

“Bu, bütün Azərbaycan üçün əlamətdar hadisədir”

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti və Rusiya milli komandasının baş məşqçisi İrina Viner Azərbaycan təmsilçisi Aliyə Qarayevanın Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatındakı tarixi uğurunu böyük sevinclə qarşılayıb. Lent.az-ın məlumatına görə, Viner “Ves Sport” agentliyinə müsahibəsində Qarayevanın çoxnövçülük üzrə bürünc medal qazanmasını Azərbaycan üçün əlamətdar hadisə adlandırıb.

O bildirib ki, böyük ənənələri, o cümlədən, qadınlarının cəmiyyətdə xüsusi yeri olan Azərbaycan kimi şərq ölkəsində bu, çox mühüm uğurdur: “Mən Aliyənin uğuruna çox sevinirəm. Azərbaycan komandası demək olar ki, daim bizimlə birgə Novoqorskda məşq edir. Biz həmişə onların uğurlarına sevinirik. Çünki dostlarımız, qardaş və bacılarımızdırlar. Aliyə Qarayeva çoxdandır çıxış etsə də, daim bəxti gətirmirdi, hər dəfə nə isə alınmırdı. İndi isə həyatında ilk dəfə o, çoxnövçülükdə uğur qazandı. Ayrı-ayrı növlərdə qələbələri olsa da, çoxnövçülükdə karyerasının ilk medalını əldə etdi. Nəhayət, azərbaycanlı qız bədii gimnastikada qələbə qazanır. Bu, həm bizim idman növü, həm də bütün Azərbaycan üçün əlamətdar hadisədir”.

Qeyd edək ki, Aliyə Qarayeva Avropa çempionatında çoxnövçülük yarışlarında 111,375 xal toplayaraq, bürünc medal qazanıb.