17:35 19-04-2010
news_image
863
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev Avropa çempionatının qaliblərini, onların məşqçilərini və Güləş Federasiyasının rəhbərliyini qəbul edib

Prezident İlham Əliyev aprelin 19-da Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və milli Güləş Federasiyasının rəhbərliyini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı güləşçiləri Avropa çempionatında qazanılan qələbə münasibətilə təbrik edib. “Bu, doğrudan da, böyük uğurdur, Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir”, - deyən prezident bu qələbənin təsadüfi olmadığını, güləşçilərimizin bir neçə ildir, beynəlxalq çempionatlarda böyük uğurlar qazandıqlarını qeyd edib.

Güləşin Azərbaycanda həmişə populyar olduğunu bildirən dövlət başçısı Bakıda keçirilən çempionatda gənc idmançıların uğurlu çıxışlarından şad olduğunu, onların tarixi nailiyyətlərə imza atdıqlarını diqqətə çatdırıb: “Bu onu göstərir ki, idmanın Azərbaycanda gözəl perspektivləri var. İdmanın kütləviliyi təmin edilib və bütün imkanlar səfərbər olunub ki, Azərbaycanda sağlam həyat tərzi üstünlük təşkil etsin”.

Prezident İ. Əliyev Azərbaycan Güləş Federasiyasının xidmətlərini də vurğulayaraq bildirib ki, federasiyada işgüzar abı-hava var.

İdmanın Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən dövlət başçısı ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğulayıb, onlara daim qayğı göstərilməsinin önəmini qeyd edib.

Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi, qardaşlıq və dostluq şəraitində yaşadığını deyən prezident idman komandalarımızda da eyni mühitin hökm sürdüyünü, idmançılarımızın birlikdə mühüm nailiyyətlər qazandıqlarını bildirib.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin Cəfərov, Avropa çempionları Xetaq Qazyumov və Sona Əhmədli, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dövlət başçısına idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonda görüş iştirakçıları prezident İlham Əliyevlə xatirə şəkli çəkdiriblər.