21:43 21-04-2010
news_image
633
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev Xuan Antonio Samarançın vəfatı ilə əlaqədar BOK prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Don Xuan Antonio Samarançın vəfatı ilə əlaqədar BOK prezidenti Jak Roqqeyə başsağlığı məktubu göndərib. Bu barədə APA «Azərtac»a istinadən məlumat yayıb.

Məktubda deyilir: «Hörmətli cənab Jak Roqqe, Dünya Olimpiya hərəkatına baş vermiş ağır itki – Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Don Xuan Antonio Samarançın vəfatı məni dərindən kədərləndirdi. Don Xuan Antonio Samarançın simasında dünya idman ictimaiyyəti, beynəlxalq olimpiya hərəkatı görkəmli xadimini itirdi. Bu hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin fəallarına, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm.
Ömrünü olimpiya hərəkatına həsr etmiş bu fədakar insanın aramızdan getməsinə böyük təəssüf hissi keçirir, kədərinizə şərik olduğumu bildirirəm. Olimpiya hərəkatının liderlərindən olan Don Xuan Antonio Samarançın xatirəsi Azərbaycanın idman ictimaiyyətinin yaddaşında uzun zaman qalacaqdır».