12:45 28-04-2010
news_image
1227
STOLÜSTÜ OYUNLAR

“Kasparovun azərbaycanlı şahmatçılar haqda dediyi fikirlərlə razı deyiləm”

“Prezident kuboku” turnirində iştirak etmək üçün Bakıya gələn şahmat üzrə dünya çempionu Vladimir Kramnikin apasport.az saytına müsahibəsi

- Turnirlə bağlı fikirlərinizi bilmək istərdik...
- Yenidən “Prezident kuboku”nda çıxış etmək, Bakıda olmaq mənim üçün çox xoşdur. Ötən il bu turnirdə iştirak etmişdim, çox xoşuma gəlmişdi. Mənə dəvət gələn kimi, dərhal müsbət cavab verdim. Yaxşı təşkil olunub. Azərbaycanda şahmata böyük maraq var, mən bunun şahidi olmuşam. Bu səbəbdən də Bakıya gəlmək, belə turnirə qatılmaq mənə zövq verir. Turnirin maraqlı olacağını 100 faiz söyləmək olar.

- Bakıda qalib olmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Açığı bu haqda fikirləşməmişəm. Bunu daha çox jurnalistlər, bukmekerlər müzakirə edir. İştirakçılar isə yarışa oynamaq üçün gəlirlər. Əlbəttə, birinci yer uğrunda mübarizə aparacağam. Təbii ki, bu, qarşımda duran əsas vəzifədir. Ancaq şansımı, rəqibləri dəyərləndirmək istəməzdim. Çalışacağam ki, maksimum nəticə göstərim. Qalib olsam, sevinəcəyəm, olmasam, əlimdən nə gəlir ki? Ən azından ötən ilki nəticəmi təkrarlamalıyam. Ola bilsin ki, favorit sayılıram. Ancaq bu, böyük üstünlük sayılmır. Ona görə də mənim qalib gələcəyimi söyləmək düzgün deyil. Buna heç əmin də deyiləm. Üstəlik, şahmatçılarınızın doğma məkanda oynaması onlara əlavə üstünlük verir.

- Azərbaycanlı şahmatçılar haqqında fikirləriniz necədir?
- Əlbəttə, güclüdürlər. Hər halda, Azərbaycan yığması da Avropa çempionu olub. Prinsipcə, 3 şahmatçınız dünyanın 20 ən güclüsü sırasına daxil olur. Bu, çox ciddi nəticədir. Yalnız Rusiya bu planda Azərbaycanla rəqabət apara bilər. Əlbəttə, şahmatınız çox güclü inkişaf edir. Bu turnirdən sonra Rusiyanın Həştərxan şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışı da çox vacib olacaq. Ümid edirik ki, şahmatçılarınızdan hansısa dünya çempionatında uğurla mübarizə aparacaq. “Prezident kuboku” onlar üçün bu yarış daha çox bu turnirə hazırlıq xarakteri daşıyır.

- Azərbaycan şahmatçılarından hansına qarşı oynamaq sizin üçün çətindir?
- Güclülərə qarşı (gülür). Zəiflərə qarşı oynamaq asandır.

- Onlardan hansının oyunu sizin üçün daha gözlənilməz olur?
- Problem onların gözlənilməz gedişlər etməsindən yox, çox güclü olmasındadır. Bu həqiqətən də belədir. Ümumiyyətlə, ilk “onluğ”a daxil olan bütün şahmatçılara qarşı oynamaq heç də asan deyil. Hərəsi öz üslubunda yaxşıdır. Ola bilər ki, fərqli oynasınlar, lakin üslubları yaxşıdır. Ona görə də asan qarşılaşmalar olmur.

- Hələ 23 yaşı olan Teymur Rəcəbov gələcəkdə dünyanın ən güclüsü adını qazana bilərmi?
- Əlbəttə, ola bilər.

- Siz onda belə potensial görürsünüz?
- Bəli. Birincisi, sizin ən güclü şahmatçılarınızın hamısı gənclərdir. Əgər insan belə erkən yaşında ilk “onluğ”a düşürsə, deməli, gələcəkdə ən güclü də ola bilər. Rəcəbovun çıxışı göz qabağındadır. Təbii ki, dünya çempionu olmaq üçün çox işləmək lazımdır. Bunun üçün təkcə şahmat yox, psixologiya üzərində də çalışmaq lazımdır.

- Dünya şahmat tacı uğrunda Veselin Topalovla Vişvanatan Anandın qarşılaşması haqda nə düşünürsünüz?
- İndidən nəsə demək çətindir. Ona görə ki, rəqiblərin hər ikisi güclüdür. Mən oyununa əsasən Ananda üstünlük verərdim. Ancaq digər tərəfdən həlledici görüş Topalovun vətəni Bolqarıstanda keçirilir. Bu da az əhəmiyyət kəsb etmir. Baxaq, görək necə olacaq.

- Harri Kasparovun Azərbaycan şahmatçıları haqqında dediyi fikirlərə münasibətiniz necədir?
- Kasparov Maqnus Karlsenin məşqçisidir və rəqibləri haqqında belə danışır. Bu mənada Kasparovun sözləri təəccüblü deyil. Ancaq onun fikirləri ilə razı deyiləm. Axı azərbaycanlı şahmatçılar hələ gəncdirlər. Onlar barədə necə belə söz demək olar? Onlar hələ minimum 10-15 il şahmatda ciddi mübarizə apara bilərlər. Topalov ilk vaxtlarında dünya çempionu olmağa real namizəd deyildi. Ancaq 30 yaşdan sonra gözlənilmədən ilk sıralara çıxdı. Əlbəttə, azərbaycanlı şahmatçılarda böyük potensial var. Onlar güclü şahmatçılardır. Təbii ki, onlar daha da güclənməlidir. Ancaq digər tərəfdən gəncdirlər, 40 yaşları yoxdur ki? Əgər əvvəl dediyim kimi, şahmat və psixologiya cəhətdən artırsalar, daha yüksək nəticə qazanmaq şansları var. Ancaq onlar haqda birmənalı mənfi fikir yürütmək düzgün deyil. Əlbəttə, bizim nəsil – mən, Topalov, Anand da güclüdür. Amma həmişə şahmat oynamayacağıq ki... Gənc istedadlar arasında Karlsen, Karyakinlə yanaşı, azərbaycanlılar da var.

- Anatoli Karpovun FİDE prezidenti Kirsan İlyumjinovu tənqid etməsinə münasibətiniz necədir? O, da prezident seçkisində iştirak edib bu postu tutmaq iddiasındadır...
- Hələ bu haqda danışmaq tezdir. Çünki mən namizədlərin heç birinin proqramı, komandası ilə tanış deyiləm. Hələlik yalnız söz-söhbətlər gəzir. Kiməsə səs vermək üçün proqramla tanış olmaq lazımdır. Bir də ki, səsi mən yox nümayəndə heyəti verəcək. Hansısa fikir formalaşdırmaq üçün proqrama bələd olmalı, komandanı tanımalısan. Buna görə də hələ qəti fikir yürütməyi məqsədə uyğun saymıram.