17:26 29-04-2010
news_image
684
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: “Prezident kuboku” mənim üçün çox əhəmiyyətlidir

Bu gün Bakıda start götürən şahmat üzrə beynəlxalq “Prezident kuboku” turnirinə həsr edilmiş mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və yarışda qüvvəsini sınayacaq 8 qrossmeyster iştirak edib.

Konfransı giriş sözü ilə açan Həsənov “Prezident kuboku”nun ənənəvi keçiriləcəyini və hər il ölkəmizə dünya şöhrətli şahmatçıların gələcəyini bildirib. Turnirin hakimi olduğu üçün proqnoz verməyən vitse-prezidentin çıxışından sonra söz şahmatçılara verilib.

Dörd aya yaxındır istirahət etdiyindən yarışlara qatılmayan Teymur Rəcəbov “Prezident kuboku”nun onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Üç ay yarımdır ki, yarışlarda iştirak etmirəm. Qarşıda məni Qran-pri yarışı gözləyir. İstirahətdən sonra belə turnirdə mübarizə aparmaq çox faydalı olacaq. Bakıda güclü rəqiblər bu turnirə hazırlığımda xüsusi rol oynayacaq”.

Milli komandamızın digər üzvü Şəhriyar Məmmədyarov isə belə yarışların Azərbaycanda keçirilməsindən qürur duyduğunu vurğulayıb: “Prezident kuboku” Bakıda əsl şahmat bayramına çevrilib. Belə yarışların paytaxtımızda keçirilməsi gənclərin bu idman növünə marağını daha da artıracaq. Çalışacağam ki, turnirdə yaxşı çıxış edim və qalib adını qazanım”.

Ardından söz qonaqlara verilib. Təşkilatçılıqdan razı qalan rusiyalı dünya çempionu Vladimir Kramnik bu yarışda həmişə iştirak etməyə hazır olduğunu bildirib: “Ötən il olduğu kimi, bu dəfə də təşkilatçılıq yüksək səviyyədədir. Yarışda güclü rəqiblərin mübarizə aparacağını nəzərə alsaq, görüşlərin çətin keçəcəyini proqnozlaşdırmaq olar”.

Turnirin yeganə xanım iştirakçısı macarıstanlı Yudit Polqar da gərgin mübarizə olacağını: “Mən Bakıya gələrkən David Navaranı 6:2 hesabı ilə məğlub etmişəm. Bunun üçün əhval-ruhiyyəm hələlik yüksəkdir. Düzdür, “Prezident kuboku”nda dünya səviyyəli şahmatçılar bir-birlərini sınağa çəkəcəklər. Bakıdan da qələbə ilə qayıtmaq istəyirəm”.