11:14 30-04-2010
news_image
2234
DİGƏR NÖVLƏR

“Azərbaycandan gedəndə çox əziyyət çəkdim” - MÜSAHİBƏ

Azərbaycanlı olimpiya çempionu Valeri Belenki Rusiya mətbuatına müsahibə verib. 1992-ci ildə MDB yığmasının heyətində Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının qalibi olan gimnast xeyli vaxtdır Almaniyada yaşayır və bu ölkənin milli komandasında məşqçi işləyir. Apasport.az saytı maraqlı olduğunu nəzərə alıb həmin müsahibəni ixtisarla dərc edir.

- Barselonada olduğunuz vaxt komandanın dağılacağı ilə bağlı narahatçılığınız var idi?
- Hər halda, hamının məğlubedilməz, hətta böyük adlandırdığı komanda dağıldı. Əlbəttə, keçmişə qayıdışın olmayacağını anlamağa başladıq. Bu hisslər Moskvaya qayıdanda daha da artdı. Daha komanda yoxdur və biz öz respublikalarımızın heyətində çıxış edəcəyik. Biz istənilən rəqibə 5 bal üstünlüklə qalib gəlirdik. Heç vaxt qələbəmizə şübhə etmirdik. Heç təsəvvür etməzdik ki, hər şey belə tez bitəcək.

- Sonra siz Moskvaya, oradan da doğma Bakıya yollandınız...
- Fikirləşirdim ki, bundan sonra necə yaşayım. Hər şey dəyişdi. Ən əsası, artıq heç kim təlim-məşq toplanışına çağırmırdı...

- “Kruqloe” gölünə.
- Bəli. Həmin baza həqiqətən də mənə doğma ev idi. Oraya elə öyrəşdim ki... Telefonun yanında oturan, valideynlərimiz zəng edən zaman bizi dəstəyi götürməyə çağıran nənələrə öyrəşmişdim. Mən onlara Bakıdan pomidor gətirirdim. Həmin nənələr də bizi öz məhsulları olan duzlu göbələklə təmin edirdilər. Bütün bunları itirmək çox üzücü idi. Yalnız Bakıda başa düşdüm ki, buna oxşar şey daha olmayacaq. Kəsəsi, hər şeyə yenidən başlamaq lazı idi.

- Hər şeyə yenidən Almaniyada başlamağa qərara aldınız?
- Bəli, babam alman idi. Məni Ştutqarta, yerli klubda çıxış etməyə dəvət etdilər. Sonradan vətəndaşlıq aldım. Əlbəttə, belə qərar qəbul etmək asan deyildi. Açığı, bu qərarı qəbul edəndə, Azərbaycandan gedəndə çox əziyyət çəkdim. Axı valideynlərim Bakıda qalmışdı. Bir müddət keçdikdən sonra onları Vladimir şəhərinə apardım. Anam və bacım indi də həmin şəhərdə yaşayırlar. Mən onların yanına tez-tez gedirəm. Onlar da yanıma gəlir. İndi elə alınır ki, mənim üç vətənim var – Azərbaycan, Rusiya və Almaniya.

- Ancaq 1993-cü ildə Birminqemdə keçirilən dünya çempionatında siz nə Almaniya, nə də Azərbaycan bayrağı altında çıxış etdiniz.
- Mən Beynəlxalq Gimnastika Federasiyasının bayrağı altında çıxış edirdim. Vəziyyət unikal idi. Azərbaycanın heyətində beynəlxalq yarışlarda heç vaxt çıxış etməmişəm. Azərbaycan da bu çempionata komanda yollamadı. Almaniya pasportum isə hələ yox idi. Ancaq görünür, Beynəlxalq Federasiya iştirakımda maraqlı idi. Mənə güzəştə gedərək, vətəndaşsız çıxış etməyə icazə verdilər.

- Birmingemə Azərbaycan komandası getsəydi, onun heyətində çıxış edərdiniz?
- Buna cavab vermək çətindir. Vətənim olduğu üçün Azərbaycanı çox sevirəm. Orda indiyədək dostlarım var. Ancaq həyat elə dəyişdi ki, mən Vətəndən getməyə məcbur oldum. Həmin vaxt ölkədə vəziyyət çox çətin idi. Azərbaycanda qalsaydım, əminəm ki, gimnastika karyeramı davam etdirə, tam hazırlaşa bilməyəcəkdim.

- İlk vaxtlar Almaniyada sizin üçün çətin idi?
- Deməzdim ki, çətin idi. Məni yaxşı qəbul etdilər. Yəqin ki, bu, təəccüblü deyil. Axı o vaxt dünyanın ən güclü idmançılarından biri idim. Çətinlik başqa şeydə idi. Təbii ki, Almaniyada başqa mentalitet, başqa qanunlar var. Buna uyğunlaşmalı oldum. Ancaq öyrəşmək üçün 15 ildən artıq vaxt lazım gəldi.

- Almanlar sizə normal münasibət göstərirdi?
- Bəzi hallar olurdu ki... Yəni, necə ola bilər ki, SSRİ-də çıxış edən idmançı indi Almaniyada çıxış edir! Ancaq rəqiblər sonradan bununla barışdılar. Mən sadəcə, nəticələrimlə onlara yığmaya layiq olduğu sübut etdim.

- Almaniya köçəndən sonra karyeranızda eniş oldu?
- Bəli. Məsələ ondadır ki, SSRİ-də rəqabət ağlasığmaz dərəcədə idi. Bundan əlavə, daim bir-birimizdən öyrənirdik. Bəs Almaniyada kimdən öyrənə bilərdim? Orda gimnastikanın səviyyəsi elə də yüksək deyildi. Əlbəttə, mən Almaniyada gimnastikanın səviyyəsini qaldırdım, onlara kömək etdim. Ancaq öz səviyyəm aşağı düşürdü. Yeri gəlmişkən, belə olacağını Almaniyaya köçəndən dərhal sonra başa düşdüm.

- Karyeranızı bitirəndən sonra nə ilə məşğul olacağınızı nə vaxt fikirləşməyə başladınız?
- 2001-ci ilədək idmançı kimi çıxış etdim. Həmin vaxt 31 yaşım var idi. Ancaq Sidney Olimpiadasına az qalmış – 1999-cu ildə sol çiynimdə bağlarım qırıldı. Əməliyyat etdilər, ancaq müalicəmi Olimpiya Oyunlarına kimi başa çatdıra bilmədim. Əlbəttə, sonradan bərpa olundum, yenidən yığmaya düşdüm. Ancaq məşqlərdə yenidən zədələndim, bu dəfə çiyin əzələsi çıxdı. Bu zaman gələcəyim haqda ciddi düşündüm. Artıq yaşım çox idi. Kəsəsi, vəziyyət asan deyildi. Mənə idmanın yüksəkliyindən hansısa digər fəaliyyətə başlamaq lazım idi...Deyək ki, sahibkar öz biznesini uğurla inkişaf etdirir, sonradan birdən müflis olur... Mənim o vaxtkı hisslərimi məhz bununla müqayisə etmək olar. Axı mənim kapitalım məşq etmiş bədənim idi. Birdən bu da olmadı. Ancaq mən bu dövrü birtəhər yaşadım və məşqçi işləməyə başladım.

- Karyeranızı çox tez bitirdiyinizə görə indi təəssüflənmirsiniz ki?
- Qadın və kişi gimnastikasını müqayisə etməyə dəyməz. Fikrimcə, mən getməklə bağlı vaxtından qərar verdim.

- Artıq Almaniya yığmasına məşqçi işləyirsiniz...
- İki oğlan qrupum var. Bunlar 7-8 və 11-12 yaşlı uşaqlardan ibarətdir. Daha böyükləri yeniyetmələr arasında Avropa çempionatına kimi apara bildim. Onlar 3-cü yeri tutdular.

- İndi Azərbaycan zəngin ölkədir. Əgər vətənə işləməyə çağırsalar, gedərsiniz?
- Bunu istisna etmirəm. Kim bilir, gələcək həyat necə dəyişəcək. Ancaq indi yaxşı qrupum var, müəyyən iş görmüşəm. Bunu mütləq davam etdirmək lazımdır. Böyük pullar dalınca qaçmaq düzgün olmazdı.