23:01 01-05-2010
news_image
1019
STOLÜSTÜ OYUNLAR

“Kamski ilə razılaşsaydım, çempion olardım”

Bakıda keçirilən “Prezident kuboku” beynəlxalq şahmat turnirində ikinci yeri tutan Şəhriyar Məmmədyarovun apasport.az saytına müsahibəsi

- Dünya çempionu Vladimir Kramnik və dünya kubokunun sahibi Qata Kamski ilə eyni xal toplasanız da, ikinci yeri tutdunuz. Bununla bağlı nə deyə bilərsiniz?
- Çox gərgin turnir idi. Son turadək kimin qalibin olacağını müəyyənləşdirmək çətin idi. Lakin ilk görüşdə dünya çempionuna qalib gəlsəm də, növbəti turda öz səhvimdən xal itirdim. Belə ki, Qata Kamski ilə görüşdə rəqib mənə heç-heçə təklif etdi. Mən isə onunla razılaşmadım və yekunda məğlub oldum. Bu itirdiyim xal mənə çempionluq üçün kifayət edəcəkdi.

- Bəs digər oyunlarından razı qaldınızmı?
- Demək olar ki, bütün oyunlarım ürəyimcə oldu. Yarışa yaxşı hazırlaşmışdım. Turnirdə heç bir görüşdə pis vəziyyətə düşmədim. Oyun keyfiyyətim çox yüksək oldu. Lakin əmsallara görə çempion ola bilmədim və 2 dünya şöhrətli şahmatçı ilə ilk “üçlük”də qərarlaşdım.

- Maraqlıdır, turnirdə cəmi 2 heç-heçə etdin və ikisi də Azərbaycan şahmatçına qarşı oldu.
- Qədir Hüseynov və Teymur Rəcəbovla görüşlər maraqlı və çətin keçdiyindən qalib müəyyənləşmədi. Buna baxmayaraq, 4 qələbə də qazanaraq, xallarımın sayını 5-ə çatdırdım.

- Sizdən fərqli, digər şahmatçılarımız zəif çıxış etdi...
- Bəli, onlar gözlənilmədən aşağı pillələrdə qərarlaşdılar. “Prezident kuboku”ndan əvvəl Teymur Rəcəbovun ilk “üçlük”də qərarlaşacağı gözlənilirdi. Lakin onun 4 aya yaxın şahmatdan ayrı düşməsi özünü göstərdi. Nəticədə 5-ci oldu. Qədir Hüseynov da keçirdiyi oyunların əvvəllərində üstünlük əldə etsə də, sonda nəsə alınmırdı. Məsələn, Kramnik və Kamski ilə oyunlarda da yaxşı vəziyyətləri əldən verməsəydi, hazırda daha çox xal yığardı. Rauf Məmmədov isə belə güclü şahmatçılar mübarizə apardığı turnirdə ilk dəfə qüvvəsini sınayırdı. Görüşlərdə çox həyəcanlı görünürdü. Bunun üçün onun nəticəsini qənaətbəxş hesab etmək olar.