22:49 03-05-2010
news_image
597
STOLÜSTÜ OYUNLAR

FİDE-nin sabiq prezidenti öldü

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sabiq prezidenti Florensio Kampomanes vətəni Filippində 83 yaşında ölüb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Kampomanes 1982 – 1995-ci illərdə FİDE-yə rəhbərlik edib.

O, 2007-ci ilin fevralında avtomobil qəzasına düşüb. Həmin vaxtdan filippinli şahmat xadimi intensiv terapiya altında olub.

FİDE-nin hazırkı prezidenti Kirsan İllümjinovun fikrincə, Kampomanes şahmatın inkişafı və populyarlaşdırılması üçün çox iş görüb. Məhz onun rəhbərliyi dövründə şahmat Afrika, Asiya və Latın Amerikasında məşhurlaşıb. Onlarla ölkə FİDE-yə üzv olub.

Amma Kampomanesin dövründə qalmaqallar da baş verib. Xüsusən, 1984-1985-ci illərdə Anatoli Karpov və Harri Hasparov arasındakı dünya çempionluğu uğrunda qarşılaşma nəticəsiz başa çatan 48 oyunluq mübarizədən sonra dayandırılıb. Eyni zamanda, 1983-cü ildə FİDE və Peşəkar Şahmat Assosiasiyası arasında uçurum yaranıb. 2003-cü ildə isə Kampomanes maliyyə fırıldaqçılığına görə, Filippin məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib. Sonradan bu cəza pul cəriməsi ilə əvəzlənib.