11:43 08-05-2010
news_image
666
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Bosniyada ümidləri doğrultmur

Bosniyanın paytaxtı Sarayevoda keçirilən şahmat üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, üçüncü turda yarışda iştirak edən 4 şahmatçımızdan heç biri uduzmayıb. Belə ki, Nicat Məmmədov almaniyalı Niklas Husçenbeti, Vasif Durarbəyli moldovalı Viktor Boloqanın şahını “oğurlayaraq” xal ehtiyatlarını 1 xal artırıblar. Komanda yoldaşlarından fərqli olaraq, Rauf Məmmədov və Nicat Abbasov rəqibləri ilə “sülh” bağlayıblar.

Beləliklə, 3 turdan sonra Nicat Məmmədov 2,5 xalla 11-ci pillədə qərarlaşıb. Vasif Durarbəyli də onunla eyni xal toplasa da, əmsallara görə 25-ci yerdədir.

Bosniyada komandamızın ən reytinqli zəka sahibi Rauf Məmmədovun aktivində isə 2 xalı var. Onun son 2 turda heç-heçə etməsi 53-cü yerə enməsi ilə nəticələnib. Digər şahmatçımız Nicat Abbasov isə 1,5 xalla 72-ci pillədədir.

Qeyd edək ki, yarışda 31 ölkədən 120 şahmatçı mübarizə aparır. 10 turdan ibarət olacaq turnir mayın 14-də başa çatacaq.