10:41 12-05-2010
news_image
655
STOLÜSTÜ OYUNLAR

Məmmədov 10-cu yerə yüksəldi

Bosniyanın paytaxtı Sarayevoda keçirilən şahmat üzrə beynəlxalq turnirdə VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan 4 həmyerlimizdən üçü turu qələbə ilə başa vurub.

Belə ki, Rauf Məmmədov macarıstanlı Peter Prohazkaya qalib gələrək, xal ehtiyatını 5,5-ə çatdırıb. Braziliyalı Fyer Aleksandr üzərində inamlı qələbə qazanan Vasif Durarbəyli aktivini 5 xala yüksəldib. Turnirə uğursuz başlayan Nicat Abbasov isə 115-ci yerdən 55-ci yerə kimi irəliləyib. O, son turda Aleksandra Dimitrijeviçi (Bosniya) mat etməkdə çətinlik çəkməyib.

Komanda yoldaşlarından fərqli, son görüşlərdə yaxşı təsir bağışlamayan Nicat Məmmədov VII turda da serbiyalı Branko Damljanoviç ilə oyunda şahını qurban verib. Nəticədə o, 37-ci pilləyə enib.

Qeyd edək ki, mayın 14-də başa çatacaq turnirdə ən yaxşı göstərici Rauf Məmmədova məxsusdur. Liderdə 1 xal geri qalan qrossmeysterimiz 10-cu pillədədir. Vasif Durarbəyli isə 18-ci pillədə qərarlaşıb.