09:29 13-05-2010
news_image
593
STOLÜSTÜ OYUNLAR

Qələbəyə həsrət qaldığımız tur

Bosniyanın paytaxtı Sarayevoda şahmat üzrə keçirilən beynəlxalq turnirin başa çatmasına 2 tur qalıb. Apasport.az saytının məlumatına görə, son tur Azərbaycan şahmatçıları üçün uğurlu olmayıb.

Belə ki, qara fiqurlarla oynayan Rauf Məmmədov xorvatiyalı Alojzije Yankoviç ilə xalları yarı bölüb. Aktivinə daha 0,5 xal əlavə edən zəka sahibimiz 6 xalla 10-cu pillədəki yerini qoruyub. Yarışın liderləri də bu turu qələbəsiz başa vurduqlarından Məmmədovu birinci pillədən 0,5 xal ayırır.

Komandamızın digər üzvü Nicat Məmmədov da heç-heçə ilə kifayətlənib. Slovakiyalı Marian Kantoriklə xalları yarı bölən şahmatçımız VIII turdan sonra 5 xalla 43-yeri tutur.

Məmmədovlardan fərqli olaraq, Nicat Abbasov və Vasif Durarbəyli məğlubiyyətlə üzləşiblər. Rumıniyalı Vladislav Nevedniçu Durarbəylini mat edərək 17 pillə aşağı enməsinə “köməkliyini” əsirgəməyib. 5 xalı olan zəka sahibimiz 35-ci yerdədir. Onun kimi Abbasovun da mövqeyində dəyişiklik olub. Yusip Rukavinaya (Xorvatiya) uduzan təmsilçimiz 27 pillə aşağı düşərək 82-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 31 ölkədən 120 şahmatçının mübarizə apardığı turnir mayın 14-də yekunlaşacaq.