16:02 14-05-2010
news_image
1058
DİGƏR NÖVLƏR

Bakıda daha bir beynəlxalq turnir

Mayın 20-də Bakıda qılıncoynatma üzrə beynəlxalq “Baku Fencing Cup” turniri start götürəcək. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda iştirak etmək üçün artıq 6 ölkə qeydiyyatdan keçib.

Məmmədov bildirib ki, turnir başlayana kimi iştirakçı ölkələrin sayı artacaq: “Baku Fencing Cup” Beynəlxalq Qılıncoynatma Federasiyasının təqvimində yer alıb. Bunun üçün ölkələrə dəvəti biz deyil, beynəlxalq qurum göndərir. Hələlik qeydiyyatdan 6 ölkə - Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Latviya keçib. Almaniya yığmasının da Azərbaycana gəlməsi istisna deyil. Lakin digər komandaların gəlişi barədə məlumat yoxdur. Qeydiyyat mayın 16-da başa çatacağından həmin vaxt iştirakçı ölkələrin sayı dəqiqləşəcək. Yarış regional xarakter daşıdığı üçün daha çox qonşu ölkələrinin gəlişi gözlənilir”.

3 gün davam edəcək turnirdə Azərbaycan komandası 30 idmançı ilə mübarizə aparacaq. Ümumilikdə isə yarışda 60-70 idmançının iştirakı gözlənilir.