13:04 24-05-2010
news_image
777
STOLÜSTÜ OYUNLAR

“Teymur Rəcəbov əsəbi və həyəcanlı görünürdü”

“Turnir çox gözəl təşkil edilib. İştirakçıların yarışla bağlı heç bir şikayəti yoxdur. Hər şey qaydasındadır. Düzdür, startda bir balaca problem yaşansa da, təşkilatçılar bunu yoluna qoydular. Hazırda oyunlar gərgin mübarizə şəraitində davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmat üzrə Həştərxanda keçirilən Qran-Pri turnirinin rəsmi saytına FİDE-nin vitse-prezidenti, Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili deyib.

Azmayparaşvili turnirdə mübarizə aparan bəzi şahmatçıların zəif çıxış etdiyi qənaətindədir. Onlar arasında Teymur Rəcəbov və Vüqar Həşimovun da adları var: “Yarışdan əvvəl burada 5 qrossmeysterin – Teymur Rəcəbov, Vüqar Həşimov, Peter Leko, Dmitri Yakovenko və Van Yuenin yaxşı formada olduğunu düşünsəm də, onu yarışda isbat edə bilmədilər. Rəcəbov yarışın başlanğıcında əsəbi və həyəcanlı görünürdü. Bunun nəticəsi olaraq, səhvlər etməsə də, heç-heçələri sıraladı. O, qurduğu oyunun gedişində İvançuk və Yakovenkonu məğlub etməli idi. Lakin bunu bacarmadı. Əvəzində turnirin lideri Elyanova da uduzdu. Daha sonra isə Akopyan və Məmmədyarov üzərində inamlı qələbə qazandı. Həşimov isə çoxları üçün ciddi rəqib hesab edilirdi. O bunu ilk turda da sübut etdi. Bütün şahmatçıların xal itirdiyi turda yalnız Həşimov qələbə qazandı. Buna baxmayaraq, o da sonradan heç-heçələrlə kifayətləndi. Lakin Vüqarın şansı heç də pis deyil və onun tutacağı yer son turda bilinəcək”.