11:29 27-05-2010
news_image
966
STOLÜSTÜ OYUNLAR

Karpov Vüqar Həşimovla oyundan imtina etdi

Bu gün Ukraynanın Odessa şəhərində sürətli şahmat üzrə Peşəkar Şahmatçılar Assosiasiyasının təşkilatçılığı ilə IV Dünya kuboku start götürəcək.

Apasport.az saytının məlumatına görə, 16 qrossmeysterin mübarizə aparacağı yarışda Azərbaycanın idman şərəfini Vüqar Həşimov qoruyacaq. Az öncə başa çatan Qran-Pri turnirində 8-ci yeri tutan azərbaycanlı zəka sahibinin rəqibləri Anatoli Karpov, Petr Svedler, Dmitri Yakovenko, Aleksandr Qrişuk, Ernesto İnarkiyev, Aleksandr Motılyov (hamısı Rusiya), Vasili İvançuk, Pavel Elyanov, Aleksandr Moyseenko, Yuri Drozdovski (hamısı Ukrayna), Arkadi Naydiç (Almaniya), Etyen Bakro (Fransa), Aleksey Şirov (İspaniya), Sergey Movsesyan (Slovakiya) və Mixael Qureviç (Türkiyə) olacağı gözlənilsə da, son anda iştirakçılar arasında dəyişiklik edilib. Belə ki, təşkilatçıların açıqladığı son siyahıya əsasən Anatoli Karpov və Petr Svedler yarışda iştirak etməyəcəklər. Onları Sergey Karyakin və Pavel Trequbov (hər ikisi Rusiya) əvəzləyəcək. Həmyerlimiz Dünya kubokunda yarışacaq bu şahmatçılar arasında reytinqinə görə 6-cı yerdədir.

Olimpiya sistemi ilə keçiriləcək yarışın ilkin mərhələlərində hər şahmatçı 2, finalda isə 4 görüşdə qarşılaşacaq. Kubokdakı matçlarda heç-heçə qeydə alınarsa, əlavə olaraq iki 5 dəqiqəlik qarşılaşma olacaq. Bu görüşlər də sülhlə yekunlaşacağı təqdirdə, ağ fiqurlarla oynayanlara 1 dəqiqə əlavə vaxt veriləcək. Əlavə vaxtda isə onlar növbəti mərhələyə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdırlar.

Qeyd edək ki, mayın 29-da başa çatacaq Dünya kubokunun mükafat fondu 70.000 ABŞ dollarıdır. Turnirin qalibi 14.000 ABŞ dolları qazanacaq. Son dünya kubokunun qalibi adına israilli Boris Gelfand layiq görülüb.