09:51 02-06-2010
news_image
627
STOLÜSTÜ OYUNLAR

Qadın şahmatçılarımız Tbilisidə çətin vəziyyətdə

Gürcüstanın paytaxtı Tbilisidə şahmat üzrə VI dünya çempionu Maya Çiburdanidzenin şərəfinə keçirilən beynəlxalq turnir davam edir.

Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycanın qadın komandası VII turda uğursuz çıxışı ilə yadda qalıb. Belə ki, ölkəmizi Tbilisidə təmsil edən Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva mat olaraq turnir cədvəlində geriləyiblər. Həmyerlilərimizdən Xəyalə İsgəndərova və Səbinə Quliyevanın heç-heçə oynadığı turda yalnız Səbinə İbrahimova qələbə qazanıb.

Şahmatçılarımızdan VII turdan sonra ən yaxşı nəticə Nərgiz Umudovaya məxsusdur. O, 4,5 xalla 9-cu pillədə qərarlaşıb. Umudova ilə eyni xala malik Gülnar Məmmədova 10-cudur. Onları liderdən 2 xal ayırır. Digər təmsilçilərimiz ilk 20-likdən kənardadırlar.

Qeyd edək ki, 58 zəka sahibinin mübarizə apardığı turnirə sabah yekun vurulacaq.