11:22 03-06-2010
news_image
668
STOLÜSTÜ OYUNLAR

Medallara əlvida dedik

Gürcüstanın paytaxtı Tbilisidə şahmat üzrə VI dünya çempionu Maya Çiburdanidzenin şərəfinə keçirilən qadınlar arasında beynəlxalq turnirin başa çatmasına bir tur qalıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan şahmatçıları VIII turdan sonra mükafatçılar sırasına düşmək şansın itiriblər.

Son görüşdə komandamızın üzvlərindən 2 həmyerlimiz qələbə qazanıb. Belə ki, zəka sahiblərimizdən Səbinə Quliyeva və Türkan Məmmədyarova 1 xala seviniblər. Digər şahmatçılarımızdan Gülnar Məmmədova, Nərgiz Umudova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva şahlarını rəqibə “qurban” veriblər. Səbinə İbrahimova və Xəyalə İsgəndərova isə turu sülhlə başa vurublar.

Şahmatçılarımızdan VII turdan sonra ən yaxşı nəticəyə malik olan Nərgiz Umudova və Gülnar Məmmədova son görüşdə uduzduqlarından 8 pillə geriləyərək müvafiq olaraq 17 və 18-ci yerə eniblər. Aktivlərində 4,5 xalı olan təmsilçilərimizi artıq liderdən 2,5 xal ayırır. Digər şahmatçılarımız isə ilk 20-liyin həsrətindədirlər.

Qeyd edək ki, turnirdə 4 ölkənin 58 zəka sahibi mübarizə aparır.