09:24 04-06-2010
news_image
789
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız “onluq”dan kənarda qaldılar

Gürcüstanın paytaxtı Tbilisidə şahmat üzrə VI dünya çempionu Maya Çiburdanidzenin şərəfinə keçirilən qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan 8 şahmatçımızdan heç biri ilk “onluğ”a düşə bilməyib.

Onlardan ən yaxşı nəticəni Gülnar Məmmədova qazanıb. Son turda rəqibini mat edən həmyerlimiz turniri 5,5 xalla 11-ci yerdə başa vurub. Türkan Məmmədyarova da IX turda 1 xal qazanaraq, xallarının sayını 5,5-ə çatdırsa da, 20-ci pillənin sahibi olub. O, bu turda Nərgiz Umudovaya şans verməyib və nəticədə 4,5 xala malik Umudova 13 pillə geriləyərək 24 yerə enib.

Digər zəka sahiblərimizdən Xəyalə İsgəndərova 28-ci (4,5 xal), Səbinə İbrahimova 35-ci (4,5 xal), Zeynəb Məmmədyarova 38-ci (4 xal), Səbinə Quliyeva 39-cu (4 xal), Ülviyə Fətəliyeva 50-ci (3 xal) yeri tutublar. Turnirin qalibi adına isə 8 xalla sloveniyalı Anna Muzçuk layiq görülüb.

Qeyd edək ki, turnirdə 4 ölkənin 58 zəka sahibi mübarizə aparırdı.