14:52 16-06-2010
news_image
559
DİGƏR NÖVLƏR

Gimnastlarımız Daşkənddən 9 medalla qayıdırlar

Daşkənddə keçirilən beynəlxalq turnir Azərbaycanın yeniyetmə gimnastları üçün uğurlu alınıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, həmyerlilərimiz 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Belə ki, 14 yaşlı Ayşə Mustafayeva öz yaş qrupunda həm çoxnövçülük, həm də ip və topla finallarda birinci olub. Cənnət Məmmədova (1999-cu il təvəllüdlü) topla finalda qızıl, çoxnövçülükdə gümüş medal qazanıb. Elə bu yaş qrupunda Mehparə Mənsurova iplə ikinci, eləcə də, topla və çoxnövçülükdə üçüncü olub. Dördüncü gənc iştirakçı - doqquzyaşlı Nuranə Mənsurova öz yaş qrupunda birinci yeri tutub.

Qeyd edək ki, bu yarışla paralel Polşada "Baltik kuboku" adlı daha bir beynəlxalq turnir də keçirilib və orada Azərbaycanı Dina Qorina təmsil edib. Çoxnövçülükdə altıncı yerdən sonra o, üç ayrı-ayrı finalda iştirak edib. Qorina ən yaxşı nəticəni topla (25.5 xal) göstərib və yeddinci yeri tutub, halqa və lentlə isə səkkizinci olub. Burada qələbəni Polşa gimnastı Yoanna Mitroş bayram edib.