15:25 16-06-2010
news_image
558
DİGƏR NÖVLƏR

Aliyə Qarayeva: Uğurlarımı artırmağa çalışacağam

"Bir turnirdə üç medal qazanmaq çox şərəfli missiyadır. Yalnız təəssüf ki, orada "qızıl" yoxdur. Axı bütün birinci mükafatları rusiyalı gimnastlar apardılar”. Apasport.az saytının xəbərinə görə, bu sözləri az öncə İnsburkda bədii gimnastika üzrə keçirilən Qran-Pri turnirinin beşinci mərhələsində 1 gümüş və 2 bürünc medal qazanan Avropa çempionumuz Aliyə Qarayeva deyib.

Üçqat Azərbaycan çempionu Braziliyada keçiriləcək yarışda uğurlu çıxış edəcəyini də bildirib: “Plana görə, iyulun 1-4-də mənim Braziliyada yarışlarım var və orada da layiqincə çıxış etməyə, öz uğurlarımı artırmağa çalışacağam".

Qeyd edək ki, Avstriyanın İnsburq şəhərində keçirilən Qran-Pridə Aliyə Qarayeva lentlə (28.225 xal) gümüş, ip (27.425) və halqa (27.95) ilə hərəkətlərin icrasında isə bürünc medallar qazanıb. Qran-pridə Azərbaycanın ikinci təmsilçisi olan Anna Qurbanova iplə yeddinci və lentlə səkkizinci nəticəni göstərib.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva yetirmələrinin uğurlarından razıdır. Bundan əlavə, Qorina yarışın yekunlarına görə "Miss foto" nominasiyasında qələbə qazanıb.