13:57 13-07-2010
news_image
977
DİGƏR NÖVLƏR

Qubaya Rusiya, Gürcüstan və Macarıstandan idmançılar gəlir

İyulun 14-18-də Azərbaycanda ilk dəfə olaraq Quba rayonunun Qalaxudat kəndinə yaxın ərazidə “Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (AHEİNF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, festival qurumun təşkilatçılığı və Qərb Universitetinin dəstəyi ilə təşkil olunur.

Proqramda boulderinq yarışlarının keçirilməsi, Şahdağ silsiləsində yerləşən “Heydər zirvəsi”nə sürətli yürüşün təşkili, müxtəlifliyi sevənlər üçün uzunluğu 1 kilometrdən çox, hündürlüyü 200-300 metrə yaxın olan toxunulmayan qaya divarlarına dırmanmaq və digər tədbirlər nəzərdə tutulub.

Tədbirdə AHEİNF-nin 20 klubunun (Bakı şəhəri, regionlardan Qusar, İsmayıllı, Qax, Gəncə, Daşkəsən, Qobustan rayonları) 100 nəfərdən çox idmançıları və Azərbaycan Alpinizm Federasiyasının nümayəndələri ilə yanaşı, Rusiya, Gürcüstan və Macarıstandan da idmançılar iştirak edəcəklər.

Qeyd edək ki, festivalın keçiriləcəyi ərazi dar dərələr, toxunulmayan, qarmaq belə vurulmayan qaya divarları ilə zəngindir. Geniş mədəni proqramı olan festival qeyri-rəsmi ünsiyyət, tanışlıq və müxtəlif ölkələrdən olan idmançılara təcrübə mübadiləsi aparmaq üçün imkanı verəcək. Bu, qonaqpərvər yerli sakinləri, gözəl təbiəti, qayaya dırmanan idmançılar və alpinistlər üçün geniş potensial imkanlar açacaq.