11:08 15-07-2010
news_image
730
DİGƏR NÖVLƏR

Azərbaycanda beynəlxalq dağ idmanı festivalı start götürdü

Bu gün Azərbaycanda ilk dəfə olaraq Quba rayonunun Qalaxudat kəndinə yaxın ərazidə “Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalı öz işinə başlayıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (AHEİNF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun təşkilatçılığı və Qərb Universitetinin dəstəyi ilə təşkil olunan proqramda boulderinq yarışlarının keçirilməsi, Şahdağ silsiləsində yerləşən “Heydər zirvəsi”nə sürətli yürüşün təşkili, müxtəlifliyi sevənlər üçün uzunluğu 1 kilometrdən çox, hündürlüyü 200-300 metrə yaxın olan toxunulmayan qaya divarlarına dırmanmaq və digər tədbirlər nəzərdə tutulub.

Bu tədbirdə AHEİNF 20 klubunun (Bakı şəhəri, regionlardan Qusar, İsmayıllı, Qax, Gəncə, Daşkəsən, Qobustan rayonlarından) 100-dən çox idmançıları və Azərbaycan Alpinizm Federasiyasının nümayəndələri ilə yanaşı, Rusiya, Gürcüstan və Macarıstandan da idmançılar iştirak edəcəklər. Festival iyulun 18-də başa çatacaq.

Qeyd edək ki, festivalın keçiriləcəyi bütün ərazi, dar dərələri ilə, toxunulmayan, qarmaq belə vurulmayan qaya divarları ilə zəngindir. Geniş mədəni proqramı olan festival qeyri-rəsmi ünsiyyət, tanışlıq və müxtəlif ölkələrdən olan idmançılara təcrübə mübadiləsi aparmaq üçün imkanı verəcək. Bu, qonaqpərvər yerli sakinləri, gözəl təbiəti, qayaya dırmanan idmançılar və alpinistlər üçün geniş potensial imkanlar açacaq.