14:55 16-07-2010
news_image
848
DİGƏR NÖVLƏR

Dünyanın məşhur çaparları Bakıya gələcək

Bu gün Azərbaycan Atçılıq Federasiyasının cari mövsümdəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən tədbirdə federasiyanın baş katibi Bəhruz Nəbiyev son illərdə ölkəmizdə atcılıq idmanın inkişafından danışıb.

Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində digər növlərində olduğu kimi atçılıqda uğurların qazanıldığını bildirən Nəbiyev paytaxtımızda təşkil edilən beynəlxalq yarışların inkişafa böyük təsir göstərdiyini deyib: “Atçılıq idmanın 7 növü var. Bunlardan 3-ü Olimpiya oyunlarına daxil olsa da, ölkəmizdə yalnız konkur növü yayılıb. Bu növ üzrə ötən il 9 yerli və 2 beynəlxalq yarış təşkil etmişik. Bu il isə 6 ay ərzində 7 yerli və 1 xarici turnir keçirilib. Gələcəkdə digər növləri də inkişaf etdirməyi planlaşdırırıq. Bundan əlavə, indiyə kimi Bakıda 2 ulduzlu yarış keçirilirdisə, növbəti illərdən ulduzların sayı da artacaq. Artıq federasiyamız bu sahədə müəyyən təcrübə toplayıb”.

Əsas məqsədin London-2012-yə vəsiqə qazanmaq olduğunu deyən baş katib bu işin öhdəsindən layiqincə gələcəklərini bildirib: “Ötən ilin sonlarından lisenziya uğrunda mübarizə aparacaq yığma komandanın heyəti formalaşdırmışıq. Əvvəllər əgər milli komandamız tək Camal Məmmədovdan ibarət idisə, bu gün onunla birgə belçikalı və italiyalı idmançılar da Azərbaycanın uğurları üçün çalışır. Onlara dünyanın atçılıq əfsanəsi Nelson Pessoa rəhbərlik edir. Fikrimcə, bu çaparlar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər”.

Paytaxtımızla bərabər, bölgələrdə də yeni atçılıq mərkəzləri tikiləcək. Bu isə atçılığın ölkəmizdə daha da populyarlaşması ilə nəticələnəcək: “Bakı Cıdır Mərkəzi yenidən təmir olunaraq idmançıların ixtiyarına verilib. Burada artıq 5 yarış keçirilib. Gələcəkdə isə ayda 2 turnir keçirmək istəyirik. Bununla əlavə, Qəbələ, Gəncə və Şəkidə yeni atçılıq mərkəzləri inşa edilir. Paytaxtda isə yeni möhtəşəm ippodromun tikintisinə başlayacağıq. Bunları həyata keçirməkdə əsas məqsədimiz atçılıq idmanı ilə bərabər milli xalq oyunlarını və yerli at cinslərini təbliğ etməkdir. Klublarımızda da bu yöndə işlər görülür. “Günay”da atsürmə bacarığı növü üzrə də məşqlər keçirilir. Sevindirici haldır ki, bütün klublarımızda çətin idman növü olan atçılığın inkişafı üçün bütün şərait yaradılıb”.

Sonda ölkəmizdə möhtəşəm festival və beynəlxalq yarışın keçiriləcəyinin deyən federasiya rəsmisi idmançılarımızın gələcək çıxışları barədə də məlumat verib: “Bakıda dünya səviyyəli festival keçirəcəyik. Burada dünyanın ən məşhurlar idmançıları iştirak edəcəklər. Sentyabr və ya oktyabrda isə Azərbaycan daha 1 beynəlxalq yarışa ev sahibliyi edəcək. Çaparlarımız da onlarla mübarizə aparmaqda maraqlıdırlar. Tiflisdə və Portuqaliyada idmançılarımızın ilk “altılıq”da yer almaları gələcək uğurlarımızdan xəbər verir. 5 ulduzlu yarışın qalibi olan Camal Məmmədov dünya çempionatının finalına vəsiqə qazanıb. İnanıram ki, ABŞ-da keçiriləcək yarışda o azarkeşlərimizə sevinc bəxş edəcək”.

Qeyd edək ki, yığma komandanın üzvlərinin də yaxın günlərdə artacağı gözlənilir.

Tahir HÜMMƏTOV