13:00 23-07-2010
news_image
884
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz lisenziya yarışına yollanır

İyulun 29-da Almaniyanın Münhen şəhərində stend atıcılığı üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, London Olimpiya Oyunlarına lisenziya verən yarışda Azərbaycanın idman şərəfini 8 idmançı qoruyacaq.

5 gün davam edəcək çempionatda Olimpiya çempionumuz Zemfira Meftahəddinova da qüvvəsini sınayacaq.

Səfərə iyulun 30-da yollanacaq Azərbaycan yığmasının baş məşqçisi Hafiz Cəfərov yetirmələrinin ilk lisenziya yarışında uğur qazanacaqlarına inanır. Məşqçinin sözlərinə görə, dünya çempionatında 2 idmançıya daha böyük ümid bəsləyir: “Bu mötəbər yarış Olimpiadaya lisenziya verdiyindən xüsusi önəm daşıyır. Səfərə yollanacaq heyətdə Zemfira Meftahəddinova və Emin Cəfərov ilk cəhddəcə Londona vəsiqə ala bilərlər. Rəqabət güclü olsa da, bu snayperlər kifayət qədər təcrübəlidirlər və bu onların köməyinə gələ bilər”.

Qeyd edək ki, dünya çempionatında qadınlar arasında 1-3-cü, kişilər arasında isə 1-5-ci yerləri tutacaq idmançılar London-2012-yə vəsiqə qazanacaqlar.