15:27 28-07-2010
news_image
707
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: FİDE-nin bizimlə müqaviləsi var

“Beynəlxalq Şahmat Federasiyası ilə məsləhətləşmələrimiz olub. Amma 2011-ci ildə Azərbaycanda keçirilməli olan iddiaçıların yarışının Kazanda baş tutacağı ilə bağlı rəsmi sənəd bizə gəlməyib. Çünki Azərbaycan Şahmat Federasiyasının FİDE ilə müqaviləsi var və bu müqavilə hələ qüvvəsində qalır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, FİDE yarışın Rusiyada keçirilməsini məsləhət görə bilər. Buna əsas səbəb isə iddiaçılar arasında keçiriləcək yarışın 2 yerə bölünməməsidir: “Turnirin paytaxtımızda baş tutmamasının əsas səbəbi erməni şahmatçısı Levon Aronyanın Azərbaycana gəlmək istəməməsi göstərilir. Belə olan halda isə turnir 2 şəhərdə keçirilməlidir ki, beynəlxalq qurum da buna razı deyil. Amma məsələyə bu baxımdan yanaşsaq, Veselin Topalov da Rusiyaya gəlməkdən imtina edib. Bir sözlə, hələ nə olacağını demək çətindir”.

Məmmədovun sözlərinə görə, iddiaçılar arasında turnir Rusiyaya verilsə də, müqavilə ilə bu yarış Azərbaycana həvalə edildiyi üçün orada Şəhriyar Məmmədyarov da mübarizə aparmalıdır: “Turnirdə iştirakı Teymur Rəcəbov Qran-Prilərdə göstərdiyi nəticəyə görə qazanıb. Lakin yarış Rusiyaya verilərsə, biz burada Şəhriyar Məmmədyarovun da qüvvəsini sınamağı tələb edəcəyik. Çünki hələ də rəsmi sənədlə yarışın ev sahibi Azərbaycandır”.