23:11 28-07-2010
news_image
1013
DİGƏR NÖVLƏR

Olimpiya medalçılarımız Almaniyada

Bu gün Almaniyanın Münhen şəhərində stend və güllə atıcılığı üzrə Olimpiya lisenziyalı dünya çempionatı başlayacaq. Apasport.az saytının xəbərinə görə, avqustun 11-dək davam edəcək turnirdə ölkəmiz stend atıcılığı yarışında 7, güllə atıcılığında isə 6 snayperlə təmsil olunacaq.

Baş məşqçi Hafiz Cəfərovun rəhbərlik etdiyi stend atıcılığı üzrə yığmanın heyətində Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinova, Regina Meftahəddinova, Nurlana Cəfərova, Emin Cəfərov, Əli Hüseynli, Elçin Babayev və Elvin İsmayılov yer alıb. Babayevlə İsmayılov yarışda stend atıcılığının trap növündə, qalanları isə skiddə mübarizə aparacaq. Məşqçi-oyunçu İradə Aşumovanın başçılıq etdiyi güllə atıcılığı üzrə yığmanın heyətində isə onun özü ilə yanaşı, Nigar Bağırova, Mehriban Məcidova, Cəmalə Süleymanova, Ruslan Lunyov və Rəsul Məmmədov cəmləşib.

Güllə atıcılırımızdan yalnız Mehriban pnevmatik tüfəngdən atəş açacaq. Digər snayperlərimiz isə atəş xəttinə pnevmatik tapançayla çıxacaqlar. Pnevmatik tapançadan atəş açan qadınlar arasında yarışı 1-6-cı, kişilər arasında isə 1-5-ci yerdə başa vuranlar London Olimpiadasına lisenziya qazanmış olacaqlar. Pnevmatik tüfənglə yarışa qatılan qadınlar arasında 1-6-cı, kişilər arasında isə 1-4-cü yerlərin sahibləri Olimpiada-2012-yə lisenziyalara yiyələnəcəklər.