15:47 30-08-2010
news_image
744
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Avqustun 30-da Azərbaycan prezidenti İlham Əliyev Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib. Apasport.az saytının xəbərinə görə, dövlət başçısı Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edib, bu uğuru tarixi nailiyyət kimi dəyərləndirib və Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulayıb. Prezident bu müvəffəqiyyətləri bu sahədə aparılan ardıcıl və əsaslı islahatların məntiqi nəticəsi kimi qiymətləndirib.

Dövlət başçısı Olimpiya Oyunlarında Azərbaycanın himninin 5 dəfə səsləndirilməsini və bayrağının 8 dəfə dalğalanmasını iftixar hissi doğuran hadisə kimi dəyərləndirib və idmançılarımızın şərəfli tarix yazdıqlarını deyib. İdmançılarımızın qarşıdakı London Olimpiya Oyunlarında da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayan prezident yeniyetmə idmançılara daim peşəkarlıqlarını artırmağı tövsiyə edib.

Sinqapurda qazanılan qələbədə əməyi olan bütün idmançı, məşqçi və mütəxəssisləri təbrik edən dövlət başçısı Azərbaycanda idman sahəsində çalışan qurumların vahid komanda halında fəaliyyət göstərdiyini vurğulayıb. Prezident idmana bundan sonra da yüksək səviyyədə dövlət dəstəyinin göstəriləcəyini deyib, Sinqapurda qazanılan qələbədə əməyi olan bütün şəxslərin mükafatlandırılacaqlarını bildirib.

İdmançılar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.