12:07 05-09-2010
news_image
1086
DİGƏR NÖVLƏR

11 ölkənin yığması Bakıya gəlir

Sentyabrın 10-dan 12-dək Bakıda daha bir beynəlxalq karate turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr, gənclər və böyüklər arasında kata və kumite üzrə ilk “Baku Open” beynəlxlaq turnirində 11 ölkənin qatılacağı artıq təsdiqlənib.

Yarışda Azərbaycanı 2 seçmə komanda və Gəncə ilə Sumqayıt idmançıları təmsil edəcək. İştirakçı ölkələrə gəlincə Avropadan Almaniya (12 nəfər), Türkiyə (6 nəfər) və Rusiya (35 nəfər), Gürcüstan (18 nəfər) və Ukrayna (8 nəfər), Yaxın Şərqdən Küveyt (18 nəfər) və İsrail (19 nəfər), Asiyadan İran (49 nəfər), Pakistan (3 nəfər) və Qazaxıstan (32 nəfər), Cənubi Amerikadan isə Kolumbiya ( 4 nəfər) idmançıları “Baku Open”-də döyüşəcəklər.

3 gün davam edəcək Beynəlxalq turnirin ilk günü, sentyabrın 10-də yeniyetmələr arasında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəki dərəcəsində oğlanların, eləcə də -47 kq, -54 kq və +54 kq çəki dərəcəsində qızların yarışları olacaq. Ertəsi gün -55 kq, -61 kq, -67 kq, -76 kq və +76 kq çəki dərəcəsində gənclər arasında, həmçinin -48 kq, -53 kq, -59 kq və +59 qızların yarışları keçiriləcək. Böyüklər arasında -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcəsində kişilərin, eləcə də -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcəsində qadınların mübarizəsi isə turnirin son günü, ayın 12-də olacaq.

İki milli komandadan ibarət Azərbaycan karateçiləri hər çəkidə 2 nəfərlə, Gəncə və Sumqayıt idmançıları isə bir nəfərlə təmsil olunacaq. Yeniyetmələr, gənclər və böyüklər arasında kata və kumite üzrə ilk “Baku Open” beynəlxlaq turnirinin təntənəli açılış mərasimi sentyabrın 10-da saat 17-də, bütün yaş qrupları üzrə final döyüşləri isə saat 18-də başlayacaq. Açılış mərasimindən sonra kişilər arasında komanda kumite və komanda kata yarışlarının final görüşləri keçiriləcək. Yarışdan əvvəlki 2 gün ərzində isə 3 qat Dünya və 10 dəfə Avropa çempionu Rəfael Ağayevin iştirakı ilə beynəlxalq seminar nəzərdə tutulub.

Qeyd edək ki, Beynəxalq turnir döyüş növləri üzrə ixtisaslaşmış Rusiyanın nüfuzlu “Boets” telekanalının rəhbərliyi və xüsusi çəkiliş qrupu “Baku Open” turniri və Azərbaycan karatesindən bəhs edən eksklüziv proqram hazırlamaq üçün paytaxtımızda ezamiyyətdə olacaq.