16:20 06-09-2010
news_image
884
DİGƏR NÖVLƏR

Bu ilin ilk 8 ayında Azərbaycan idmançıları beynəlxalq yarışlarda 300-ə yaxın medal qazanıblar

Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında 2010-cu ilin arxada qalan 8 ayı ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev iştirak ediblər.

Mətbuat konfransını giriş sözü ilə açan Rəhimov ilk öncə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının çıxışına münasibət bildirib: “Konfrans bir müddət əvvəl olmalı idi. Lakin yeniyetmə idmançılarımızın Olimpiadada iştirakı ilə əlaqədar vaxtı bir qədər arxaya çəkdik. Sevindirici haldır ki, milli komandamız da Sinqapur-2010-da ümidləri doğrultdu və vətənə uğurlu nəticə ilə döndü. 205 ölkə arasında 11-ci olan yığmamız MDB ölkələri arasında 3-cü, İslam ölkələri sırasında 1-ci, Avropa dövlətləri arasında isə 6-cı oldu. Qitədən Olimpiadada 98 ölkə medal qazanıldı. Bu ölkələrdən 51-i qızıl medala sahib oldu ki, onlardan da 5-ni Azərbaycan idmançıları qazandılar. Əla nəticədir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev də yüksək qiymətləndirdi və yığmamızı xalqımız adından təbrik etdi”.

2010-cu ilin arxada qalan 8 ayı ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda 300-ə qədər medala sahib olublar. Bu medallar Olimpiya və qeyri-Olimpiya idman növlərində qazanılıb.

“İlin arxada qalan 8 ayı ərzində idmançılarımız 250-dən çox yarışlarda mübarizə aparıblar. Bundan əlavə, bu vaxt ərzində ölkəmizdə 36 beynəlxalq idman turniri keçirilib. İlin sonuna kimi isə daha 10-u təşkil ediləcək” - deyə Rəhimov bildirib.

Nazir Olimpiya İdman Komplekslərinin də tikintisinin davam etdiyini vurğulayıb. O, deyib ki yaxın günlərdə 3 yeni kompleksin təməli qoyulacaq: “Azərbaycanda 27 Olimpiya İdman Kompleksi idmansevərlərin ixtiyarına verilib, 9-nun tikintisi isə davam edir. Bunlardan əlavə, yaxın günlərdə 3 - Şirvan, Göygöl və Xaçmaz İdman Kompleksinin də təməlqoyma mərasimi olacaq. Gimnastika Kompleksinin tikintisi isə davam edir. Sentyabrın sonunda həmçinin “Kür” Olimpiya İdman Mərkəzinin açılışı keçiriləcək. Bundan sonra 2011-ci ildə Hovuz Kompleksinin tikintisi nəzərdə tutulub. Daşkəsəndə inşa edilən Olimpiya İdman Kompleksi isə profilini dəyişib. Xoşbulaqda tikilən idman obyekti qərara əsasən Gənclər Mərkəzinə çevrilib”.

Rəhimov qarşıda Azərbaycanda keçiriləcək idman tədbirlərindən də söhbət açıb. Nazir bildirib ki, sentyabrda ilk dəfə ölkəmizdə Avropa dövlətlərinin idman nazirlərinin iştirakı ilə toplantı keçiriləcək: “Azərbaycanda ilk dəfə təşkil ediləcək bu mötəbər tədbirdə artıq 50 ölkədən 25-i qeydiyyatdan keçib. Paytaxtımıza 150-yə yaxın qonağın gəlişi gözlənilir”.