17:01 06-09-2010
news_image
1040
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Onu əvəz edəcək namizəd hələ yoxdur

“Bəzi mətbuat orqanlarında “Velotrek”in satılması və sökülməsi ilə bağlı yazılar dərc edilir. Amma bu obyekt satılmayıb. Heç bir idman obyekti satıla bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, 2011-ci ilin İnvestisiya Proqramına “Velotrek”in təmir edilməsi ilə bağlı maddənin daxil edilməsi nəzərdə tutulur. Azad Rəhimov deyib ki, gələcəkdə daha geniş bir ərazidə “Velotrek” tikilməsi niyyəti var. Hazırda “Velotrek”in işlədiyini deyən nazir bu obyekti yaxınlıqda fəaliyyət göstərən ticarət yarmarkasından hasarla ayırmaq istədiklərini söyləyib.

“Biz “Velotrek”i çoxdan təmir etmək istəyirdik. Burada müəyyən çatlar var ki, onlar təmir ediləcək. Bundan əlavə, gələcəkdə açıq yerdə yenisini də tikməyi planlaşdırırıq. Federasiyanın prezidentinə gəlincə, Həsən Abdullayevin istefası qəbul edilməyib. Çünki onu əvəz edəcək namizəd hələ yoxdur. Əgər belə hal baş verərsə, yeni prezidenti Azad Rəhimov deyil, seçki-hesabat konfransının iştirakçıları seçəcəklər. Yəni Abdullayev federasiya prezidenti kimi işini davam etdirir. Yığmaya yeni üzvlər də cəlb edilib. Gələcəkdə bu idman növündə də uğurlu iştirak olacaq. Məsələn, Azərbaycan Mərkəzi Bankının sədri Üzgüçülük Federasiyası ilə bərabər Şahmat Federasiyasının da prezidentidir. O, Şahmat Federasiyasına sonradan seçilsə də, birinci idman qurumuna namizəd olmadığından hazırda hər iki federasiyaya rəhbərlik edir”.

Qeyd edək ki, az öncə Bakıdan Gəncəyə 16 ölkədən 32 velosipedçinin iştirakı ilə yürüş keçirilib. Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi beynəlxalq yürüşdə istifadə olunan velosipedlər Velosiped Federasiyasına verilib.