17:56 06-09-2010
news_image
933
STOLÜSTÜ OYUNLAR

Azad Rəhimov: Onun tərəfindən atılan addımlar bizi çox narahat edir

“Harri Kasparovla institutda eyni qrupda oxusam da, Vüqar Həşimovun onun komandasında oynamasına münasibətim çox pisdir. Onun tərəfindən atılan addımlar bizi çox narahat edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında jurnalistlərə deyib.

Nazir bildirib ki, Vüqar Həşimov dünya səviyyəli şahmatçıdır. Lakin reytinq sırasında 26-cı olan zəka sahibi və Azərbaycan vətəndaşı üçün belə hərəkətlər etmək düzgün deyil: “Qrossmeysterimizin şahmat Olimpiadasındakı hərəkətləri və bəzi şahmatçıları qruplaşmaya çağırması bizi qane etmir. Onun hətta bu möhtəşəm oyunlarda milli komandamızın kapitanı Zurab Azmayparaşvili ilə mübahisə etməsi də dünya səviyyəli idmançıya yaraşmır. Belə hallar bizi razı sala bilməz. Onun Kasparov klubunda oynaması isə düzgün deyil. Çünki Həşimov və yığmamızın digər üzvlərini hələ uşaq yaşlarından ulu öndərimiz Heydər Əliyev qəbul edərək diqqət və qayğı göstərib. O, belə etməməli idi”.

Rəhimovun sözlərinə görə, Həşimov bir neçə dəfə Şahmat Federasiyasına çağırılsa da, buraya gəlməyib: “Bu məsələni Şahmat Federasiyasının prezidenti ilə Azad Rəhimov müzakirə edib. Lakin idmançı bir neçə dəfə izahat üçün quruma çağırılsa da, izahat vermək istəmir. Öncə şahmatçının mövqeyi bilinməli və bu hərəkəti nə üçün etdiyini izahatında qeyd etməlidir. Bundan sonra isə hər şeyə aydınlıq gələcək”.