17:36 14-09-2010
news_image
1006
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmov: Çempion komanda üçün yeganə vəzifə ancaq çempionluqdur

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, vitse-prezidentlər Mahir Məmmədov və Faiq Həsənov Mərkəzi Bankın mənzil-qərargahında kişi və qadınlardan ibarət milli komandanın üzvləri ilə görüş keçiriblər.

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmamızın kapitanı Zurab Azmayparaşvili və qadınlardan ibarət komandamızın kapitanı Fikrət Sideyfzadənin də iştirak etdiyi görüşdə zəka sahiblərimizin Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil ediləcək Ümumdünya Şahmat Olimpiadasına hazır olduğu bildirilib.

AŞF prezidenti Elman Rüstəmov son illərdə beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımızdan qələbə gözlədiyini və komandamızın potensialının buna imkan verdiyini deyib: “Azərbaycan şahmatçıları son illərdə uğurlu çıxış edirlər. Həm şəxsi, həm də komanda yarışlarında qələbə qazanırlar. Bunun üçün şahmatsevərlər həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızdan inamlı iştirak gözləyirlər. Xüsusilə kişilərdən ibarət milli komandamızın medal qazanacaqlarına ümid bəsləyirik. Onlar Avropa çempionlarıdır, güclüdürlər və yüksək potensiallara malikdirlər. Qızlardan ibarət komandamızda da tərəqqi var. Onlar da yarışdan-yarışa öz nəticələrini yaxşılaşdırırlar. Olimpiadada bu yığmamızdan da yaxşı çıxış gözləyirəm”.

E.Rüstəmov bildirib ki, yığmanın şərəfini qorumaq hər idmançıya nəsib olmur. Bunun üçün əsas komandada yer alan şahmatçılar şanslarından maksimim istifadə etməlidirlər: “Milli komandada oynamaq, dövləti təmsil etmək şərəfli bir işdir. Hər bir insana nəsib olmur ki xarici dövlətdə öz bayrağı altında xalqını, millətini təmsil etsin. Bu, xüsusilə şahmat kimi qədim oyunda daha çətindir. Bütövlükdə millətin mədəniyyətini, əqli-potensialını, intellektual səviyyəsini nümayiş etdirirsən. Biz bunun üçün komandada yer alan zəka sahiblərinə inanırıq. Onlar bunu sübut ediblər. Komandada oyunçu dəyişikliyi olsa da, heç bir itki hiss etmirəm. Çempion komanda üçün yeganə vəzifə ancaq çempionluqdur. Məsələn, braziliyalılar üçün birinci yerdən əlavə yer müvəffəqiyyətsiz hesab olunur. Kişilərdən ibarət yığmamız yüksək səviyyəni təmin etdiyindən, onlardan yüksək yerlər gözləyirəm. Sizə mətinlik, birlik, yüksək psixoloji dözüm arzulayıram. Təcrübə göstərir ki, qələbədə bu elementlərin rolu böyükdür. Həmişə bilməlisiniz ki, sizi xalq izləyir və sizdən qələbə gözləyir”.

Bundan sonra komandalarımızın liderləri Zeynəb və Şəhriyar Məmmədyarovalar yığmalarımızın yarışa hazır olduqlarını bir daha qeyd ediblər və yüksək yer uğrunda mübarizə aparacaqlarını vurğulayıblar. E.Rüstəmov da onlara tutduqları yerə uyğun mükafat veriləcəyini söyləyib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 19-da start götürəcək və oktyabrın 4-də başa çatacaq.

Tahir HÜMMƏTOV