18:37 14-09-2010
news_image
841
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmov: Vüqar Həşimov səhvlərini etiraf etməlidir

“Vüqar Həşimov komandadan uzaqlaşdırılmayıb. O, özü-özünü yığmadan uzaqlaşdırıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Mərkəzi Bankın sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

Bu gün Olimpiadada iştirak edəcək yığma komandalarımızla görüş keçirən E.Rüstəmov V.Həşimovun millidən kənarlaşdırılmasına münasibət bildirib: “Bizim mötəbər oyunlarda verdiyimiz ilk sifariş ərizəsində Həşimov yer alırdı. Lakin onun yarışda iştirak etmək fikrini öyrənmək səylərimiz müvəffəqiyyətsizliklə başa çatdı. Əgər hər hansı şahmatçı özünü komandadan kənarda qoyursa, Azərbaycan kimi şərəfli yığmadan imtina edirsə, bu onun öz seçimidir, öz işidir. Bizim kifayət potensialımız var. İstedadlı gənclərimiz yarışdan-yarışa təcrübə toplayırlar və hesab edirəm ki, Həşimovun yoxluğunu doldura biləcəyik. Onun bir sıra addımları düzgün deyil. Çox təəssüf edirik. Müəyyən incikliklər, fikir ayrılıqları ola bilər. Amma ümummilli və vətənpərvər yanaşmada fikir ayrılıqları baş verməməlidir. Biz onun addımlarını pisləyirik. Yəqin ki, nə vaxtsa rastlaşacağıq və qaranlıq suallara cavab istəniləcək”.

E.Rüstəmov Bursada keçirilən dünya çempionatından sonra qrossmeysterimizi axtarsa da, səyləri nəticə verməyib. Federasiya prezidenti ona fikirlərini telefon vasitəsilə çatdırıb: “Dünya çempionatından sonra şəxsən özüm Şahmat Federasiyasının rəhbəri kimi onu axtardım. Həm özünə, həm də qohumlarına - qardaşına və ailəsinə xəbər göndərdim, Həşimovu dinləmək istədim. Lakin o, zənglərimizə cavab vermədi. Bu yaxınlarda isə 5-6 saat özü və qardaşı ilə telefonla danışdım. Düz etmədiyini dedim. Bildirdim ki, yığmada heç kim üçün deyil, Azərbaycan üçün oynayırsan. Komanda yoldaşlarını tək qoyma, onlarla barışığa get. Lakin nəticəsi olmadı”.

Bütün bunlara baxmayaraq, Həşimovun yenidən yığmaya qayıtmaq şansı var. E.Rüstəmov bildirib ki, bunun üçün o, səhvlərini etiraf etməli və komanda yoldaşları ilə barışmalıdır: “Vüqar Həşimov Avropa çempionatında yığmanın heyətində çempion adını qazandıqdan sonra ulduz xəstəliyinə tutuldu. Şahmat dili ilə desək, səhvlər edib və bunun acısını çəkir. Mən təklif edirəm ki, gəlib səhvlərini etiraf etsin. Qapı onun üçün açıqdır. Özü də birinci federasiya qarşısında deyil, öz komanda yoldaşları qarşısında səhvlərini etiraf etməli, onlarla barışmalıdır”.

Daha sonra kişilərdən ibarət yığmamızın kapitanı, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Zurab Azmayparaşvili də bu məsələyə ilə bağlı fikirlərini bildirib. O, Vüqar Həşimovun dəfələrlə kapitanın qərarına tabe olmadığını və nizam-intizamı pozduğunu vurğulayıb: “Komandanın çıxışına görə kapitan cavabdehlik daşıyır. Bunun üçün də şahmatçılar kapitanın qərarına hörmətlə yanaşmalı və qərarlarına müdaxilələr etməməlidir. Fikrimcə, düzgün qərar vermişəm. Şahmat Federasiyasının başqa mövqeyi varsa, qeyd edə bilər”.

Bu fikrə münasibət bildirən federasiya prezidenti kapitanın qərarına hörmətlə yanaşdığını və onu dəstəklədiklərini deyib.

Daha sonra yığmamızın baş məşqçisi Fikrət Sideyifzadə də Vüqar Həşimovla bağlı söz-söhbətlərə münasibət bildirib: “Onun yoxluğu millimizin olimpiadadakı nəticəsinə öz təsir göstərək. Mən Həşimovun ailəsinə 3 dəfə müraciət etmişəm. Lakin qrossmeysterin hərəkətlərində qəribəlik hiss edilir. Ondan hələ dəqiq bir cavab ala bilməmişəm. Paytaxtda keçirilən “Prezident kuboku” ərəfəsində Vüqarın atası ilə görüşdüm. O, mənim hansı statusla onunla danışdığımı soruşdu və yalnız federasiya rəhbərliyinin müraciətinə cavab verəcəklərini söylədi. Bundan sonra aydın oldu ki, Həşimovun yığmada oynamaq fikri yoxdur”.