10:35 15-09-2010
news_image
1091
STOLÜSTÜ OYUNLAR

“Bukmekerlər Olimpiadadan gümüşlə qayıdacağımızı düşünürlər”

“Olimpiada Rusiyada keçirildiyi üçün çox çətin olacaq. Bu dəfə rekord sayda ölkələr olacaq. Ev sahiblərinin 3 komanda ilə iştirak etməsi isə mübarizəni daha da gərginləşdirəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov deyib.

Milli komandamızın reytinq-favoriti sentyabrın 19-da start götürəcək Ümumdünya Şahmat Olimpiadasından Azərbaycanın medalla qayıdacağına böyük ümid bəsləyir. Onun sözlərinə görə, yığmamız yarışa tam hazırdır: “Rusiyada təşkil ediləcək Olimpiada gərginliyinə görə fərqlənəcək. Reytinqi 2700-dən yuxarı olacaq şahmatçılardan cəmi 3 və ya 4 nəfəri burada oynamayacaq. Bunun üçün görüşlər çox çətin keçəcək. Amma buna baxmayaraq, ümid edirəm ki, yaxşı çıxış edəcəyik. Avropa çempionatında olduğu kimi, buradan da medal gətirməyə çalışacağıq. Olimpiadada komandalar üz-üzə gəldiyi üçün tək mənim hazırlığımla heç nə bitmir. Yığmamızın hazır olması vacibdir. Fikrimcə, təlim-məşq toplanışından sonra hamımız mübarizəyə hazırıq”.

Məmmədyarov milli komandamızın heyətində Vüqar Həşimovun Eltac Səfərli ilə əvəz olunmasına da münasibət bildirib. O bu əvəzetmə nəticəsində yığmanın zəiflədiyi qənaətindədir: “Milli komandamız səfərə tam heyətlə getmədiyindən, bizim üçün çətin olacaq. Vüqarla daha güclü olardıq. Amma biz öz oyunumuzu oynamağa çalışacağıq. Qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Məmmədyarov Olimpiadada yığmamızın əsas rəqiblərinin adlarını da açıqlayıb. Qrossmeysterimiz Rusiya və Ukrayna milli komandasını daha güclü sayır: “Rusiya və Ukrayna güclü heyətlə mübarizə aparacaq. Lakin əsas rəqiblərimiz sırasında İsrail və Macarıstanı da yaddan çıxarmaq olmaz. Düzdür, bukmekerlər Avropa çempionu kimi yarışda ikinci olacağımızı proqnozlaşdırırlar. Lakin görünür, onlar bizim əsas heyətlə yarışa qatılacağımızı fikirləşirlər və bunun üçün də Rusiyadan gümüşlə qayıdacağımızı düşünürlər”.

Kişilərdən ibarət milli komandamızdan fərqli olaraq, qadınlardan ibarət yığmamız Olimpiadada medallar uğrunda deyil, ilk “20-lik”də yer almaq üçün qüvvələrini sınayacaq. Onlar bu uğura imza atsalar, uğurlu nəticə hesab ediləcək. Məmmədyarov 2 bacısının yer aldığı komandanın buna nail olacağına inanır: “Şahmatçı qızlarımıza inanıram. Çünki onlar nəticələrini yaxşılaşdırıblar. Avropa çempionatında çıxış etdikləri kimi oynasalar, uğurlu olacaq. Yəni reytinqlərinə uyğun yer tutacaqlar”.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 19-dan oktyabrın 4-ə kimi keçiriləcək.

Tahir HÜMMƏTOV