11:34 15-09-2010
news_image
1077
DİGƏR NÖVLƏR

İrina Viner Azərbaycan gimnastlarını Rusiya yığması üçün əsas rəqib görür

“Dünya çempionatı çox çətin keçəcək. Şəxsi yarışlarda Azərbaycan gimnastları əsas rəqiblərimizdəndir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Gimnastika Federasiyasının prezidenti İrina Viner deyib.

Sentyabrın 20-də Rusiyada start götürəcək bədii gimnastika üzrə 30-cu mundialda 55 ölkədən 800-ə qədər idmançı mübarizə aparacaq. Viner bu gimnastlar arasında təmsilçimiz Aliyə Qarayevanı xüsusilə fərqləndirib. O bildirib ki, Moskvaya gələcək idmançılar arasında Qarayeva əla formadadır: “Azərbaycan gimnastı Aliyə Qarayeva son illərlə müqayisədə gözəl formadadır. O, Rusiyaya gələcək qızlar arasında ən güclülərdən hesab olunur və fəxri kürsüyə yüksəlməyə qadirdir. Qrup yarışlarında isə yığmamızın əsas rəqibləri sırasında İtaliya, Belarus və Yaponiyanın adını çəkmək olar”.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi şəxsi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva, qrup yarışlarda isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Ayelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət yığmamız təmsil edəcək.