15:55 17-09-2010
news_image
904
DİGƏR NÖVLƏR

18 ölkənin idman naziri və Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlir

Avropa Şurası tərəfindən Avropa ölkələrində idman sahəsində baş verən mühüm prosesləri müzakirə etmək üçün iki ildən bir toplaşan idman nazirləri sentyabrın 21-22-də Bakıda bir araya gələcəklər. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, 2 hissədən ibarət olacaq 18-ci konfrans qeyri-formal xarakter daşıyır.

Konfransın I hissəsində “Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq”, II hissəsində isə “ümumavropa idman əməkdaşlığı” mövzuları müzakirə olunacaq. İdmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə etmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzində olacaq. Bununla yanaşı, Antidopinq Konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının da monitorinqi müzakirə ediləcək.

Qonaq qismində konfransda AŞ-nin idman sahəsinin də daxil olduğu baş direktorluğunun direktoru xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, “Sport Akkord” təşkilatının rəhbəri, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti və baş katibi və daha 10-a yaxın İdman təşkilat rəhbəri iştirak edəcək. 18 ölkənin (İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, Macarıstan və s) idman naziri, nazir müavini, dövlət katibinin qatılacağı nəzərdə tutulan tədbirdə artıq 35 ölkə bu günə kimi öz iştirakını təsdiqləyib.

Qeyd edək ki, 2008-ci il dekabrın 11-12-də Yunanıstanın Afina şəhərində Avropa Şurası İdmana məsul nazirlərin konfransında 18-ci qeyri-rəsmi konfransının 2010-cu ildə Bakıda keçirilməsi qərara alınmışdı.