10:30 18-09-2010
news_image
1718
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova: Yığmamızdan uğurlu çıxış gözləməyə dəyər

“Yığmamız son Avropa çempionatında bir neçə güclü komandanı qabaqlamağı bacarmışdı. Bu dəfə də eyni uğuru təkrarlamağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova deyib.

Qrossmeysterimiz komandamızın sentyabrın 19-da Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək Ümumdünya Şahmat Olimpiadasına hazır olduğunu bildirib. Onun sözlərinə görə, qadınlardan ibarət yığmamız ilk “20-likdə” yer alsa, bu, uğur sayılacaq: “Komandamız təlim-məşq toplanışından sonra Olimpiadaya hazırdır. Yığmamızda Avropa çempionatında iştirak edən heyətlə müqayisədə cəmi bir dəyişiklik var. Rusiyaya yollanan komandada Nərmin Kazımovanı Nərgiz Umudova əvəz edib. Onlar isə təxminən eyni gücdə oynayan şahmatçılardır. Bunun üçün yığmamızdan uğurlu çıxış gözləməyə dəyər. Komandamızın əsasını gənclər təşkil edir. Məncə Olimpiadanın yenə də ən gənc yığmalarından biri olacağıq. İlk “20-lik”də qərarlaşmaq bizim üçün uğurlu sayıla bilər”.

Xatırladaq ki, Olimpiadada 119 qadın komandası mübarizə aparacaq. Bu yığmalar arasında reytinqinə görə 25-ci olan Azərbaycan millisi üçün arzuolunmaz rəqib MDB ölkələrinin komandaları sayılır. Məmmədyarova bildirib ki, onlarla bərabər Çin şahmatçıları da Rusiyada güclü heyətlə mübarizə aparacaqlar: “Bu dəfə Olimpiadada rekord sayda yığma olacaq. Onlar arasında əsas rəqib kimi Rusiya, Gürcüstan və Ukrayna şahmatçılarını görürəm. Lakin burada Çin komandasından da ehtiyatlanmaq lazımdır. Onlar digər növlərdə olduğu kimi şahmatda da özlərini sübut etmək istəyirlər”.

Qeyd edək ki, Olimpiada sentyabrın 19-dan oktyabrın 4-ə kimi keçiriləcək.

Tahir HÜMMƏTOV