23:30 20-09-2010
news_image
1136
STOLÜSTÜ OYUNLAR

Püşk yığmalarımızın rəqiblərini seçdi: CAR və Tacikistan

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, rekord sayda iştirakçının - 158 ölkədən 1400-ə yaxın şahmatçının mübarizə aparacağı bu mötəbər yarışın açılış mərasimi rəngarəngliyi ilə yadda qalıb.

Mərasimdən sonra sayca 39-cu dəfə təşkil edilən Olimpiadada yığmaların rəqibləri müəyyənləşib. Püşkatmanın nəticəsinə görə Azərbaycanın kişilərdən ibarət milli komandası (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli) CAR şahmatçıları ilə düşüb. Onlar ilk oyunlarını bu gün Bakı vaxtı ilə saat 16:00-da keçirəcəklər. Ümumi reytinqi 2338 olan və bu göstəricidə 79-cu olan rəqibin heyətində Kenni Solomon (2394), Vatu Kobess (2370), Robert Henri Stil (2300), Mabusela Manyedi Yohannes (2288) və Donovan van der Hever (2285) çıxış edirlər.

Qadınlardan ibarət yığmamız (Zeynəb və Türkan Məmmədyarovalar, Xəyalə İsgəndərova, Gülnar Məmmədova və Nərgiz Umudova) isə Tacikistan yığması ilə qüvvəsini sınayacaq. Onlar bu gün Bakı vaxtı ilə saat 16:00-da mübarizəyə başlayacaqlar. Ümumi reytinqi 1779 olan və bu göstəricidə 84-cü olan rəqibimizin şərəfini Marvori Nasriddinzoda (1943), Nadejda Antonova (1838), Lidiya Antonova (0), Asila Muhtojzoda (1696) və Mutribai Ilhom (1639) qoruyurlar.

Qeyd edək ki, yarışda 158 kişi və 119 qadın komandası mübarizə aparacaq.