14:05 21-09-2010
news_image
1226
DİGƏR NÖVLƏR

Azərbaycan Gənclər və İdman Nazirliyi Belarus, Ukrayna və Makedoniyanın müvafiq qurumları ilə əməkdaşlıq sazişi imzalayıb

Bu gün Bakıda Azərbaycan, Belarus, Ukrayna və Makedoniya hökumətlərinin nazirləri bir araya gəliblər. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, gənclər və idman sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət proqramının daha da genişləndirilməsi məqsədilə bu ölkələr arasında bir sıra mühüm sənədlər imzalanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Belarus İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2011-2012-ci illər üçün Əməkdaşlıq Proqramını Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov, Belarus tərəfdən idman və turizm naziri Oleq Kaçan imzalayıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2011-2012-ci illər üçün Əməkdaşlıq Proqramı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Ukraynanın Ailə məsələləri, gənclər və idman naziri Ravil Safiullin tərəfindən imzalanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Makedoniyanın Gənclər və İdman Agentliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Makedoniyanın Gənclər və İdman Agentliyinin sədri Dime Spasov arasında imzalanıb.

Qeyd edək ki, eyni zamanda Ukrayna və Belarus arasında tədbirlər planı, Belarus və Moldova arasında sazişin imzalanması da baş tutub.