18:25 21-09-2010
news_image
1969
STOLÜSTÜ OYUNLAR

Milli komandalarımız Olimpiadaya qələbə ilə başladı - YENİLƏNİB

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının birinci turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə kişilərdən və qadınlardan ibarət milli komandalarımız qələbə qazanıblar.

Belə ki, kişilərdən ibarət yığmamız ümumi reytinqi 2338 olan və iştirakçı ölkələr sırasında 79-cu olan Cənubi Afrika Respublikasının milli komandasını sınağa çəkib. Qrossmeysterimiz Teymur Rəcəbovu afrikalılarla oyunda ehtiyatda saxlayan kapitan Zurab Azmayparaşvilinin heyətdə yer verdiyi zəka sahibləri ümidləri doğruldub. Şəhriyar Məmmədyarovun heç-heçə etdiyi görüşdə Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli qələbə qazanıblar. Nəticədə yığmamız Olimpiadanın ilk turunda rəqibinə 3,5:0,5 hesabı ilə qalib gəlib.

Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət millimiz də kişi şahmatçılarımızın uğurunu təkrarlayıb. Tacikistanlı həmkarları ilə qüvvəsini sınayan xanım zəka sahiblərimiz 3,5:0,5 hesabı ilə qələbəni bayram ediblər. Ümumi reytinqi 1779 olan və bu göstəricidə 84-cü olan Asiya təmsilçisi ilə qarşılaşmada yalnız Türkan Məmmədyarova heç-heçə ilə kifayətlənib. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Nərgiz Umudova isə görüşləri qələbə ilə başa vurub. Bu oyunda Xəyalə İsgəndərova ehtiyatda qalıb.

I tur
Kişilər
Azərbaycan – CAR - 3,5:0,5

Şəhriyar Məmmədyarov (2756) - Kenni Solomon (2394) - 0,5:0,5
Rauf Məmmədov (2660) - Vatu Kobess (2370) - 1:0
Qədir Hüseynov (2611) - Robert Henri Stil (2300) - 1:0
Eltac Səfərli (2607) - Mabusela Manyedi Yohannes (2288) - 1:0


Qadınlar
Azərbaycan – Tacikistan - 3,5:0,5

Zeynəb Məmmədyarova (2234) - Marvori Nasriddinzoda (1943) - 1:0
Türkan Məmmədyarova (2301) - Nadejda Antonova (1838) - 0,5:0,5
Gülnar Məmmədova (2293) - Lidiya Antonova (0) - 1:0
Nərgiz Umudova (2251) - Asila Muhtojzoda (1696) - 1:0


Qeyd edək ki, İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq Olimpiadaya oktyabrın 4-də yekun vurulacaq.