15:39 21-09-2010
news_image
2126
DİGƏR NÖVLƏR

Azərbaycanın tanınmış idmançılarından kimlər seçkiyə qatılır? – SORĞU

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Apasport.az saytı ölkənin tanınmış idmançılarının və idman federasiyalarına rəhbərlik edən şəxslərin bu seçkilərdə namizəd kimi iştirak edib-etməyəcəyini araşdırıb.

Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova hazırda növbəti yarışlara hazırlaşdığını deyib: “Ona görə də namizədliyimi irəli sürmək fikrim yoxdur. Bu barədə bəlkə də gələcəkdə fikirləşmək olar”.

Yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurovun fikrincə, deputat olmaq istəyən şəxs özündə xalqın problemlərini həll etmək gücünü hiss etməli və təbliğat üçün maddi imkanlara sahib olmalıdır: “Bundan əlavə, vaxtın da çox olmalıdır. Mənim isə elə də vaxtım yoxdur. Çünki yığmanın məşqçisiyəm və hələ ki, özümü deputat kimi deyil, çalışdırıcı kimi görürəm. Arzular isə bitmir. Gələcəkdə belə bir şey ola bilər”.

Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli də noyabrın 7-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyəcək: “Məsləhət görsələr, bunu edərəm. Amma namizədliyimi verəcəyimlə bağlı məlumatlar şayiədir”.

Şahmat üzrə beynəlxalq qrossmeyster, sabiq deputat Aynur Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır: “Burada mənə etimad göstərilib və bu məni qane edir. Çox şadam ki, maraqlı və məsuliyyətli bir işi həyata keçirirəm. Ona görə də bu seçkilərdə namizəd kimi iştirak etməyəcəyəm”.

Hazırda millət vəkili olan Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev yenidən seçkilərə qatılmaqla bağlı yekun qərara gəlmədiyini söyləyib: “Bu barədə 1 həftəyə, daha dəqiqi, sentyabrın 27-nə kimi qərar verəcəyəm. Qərarım müsbət olsa, yenə də hansısa partiyanın təmsilçisi kimi deyil, bitərəf şəxs kimi namizədliyimi irəli sürəcəyəm. Amma bu 100%-li deyil. Çünki bəzi planlarım var”.

Ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev də bu seçkilərdə namizədliyimi verməyi planlaşdırmır: “Hələ ki idmançı karyeramı davam etdirdiyimdən, daha çox buna vaxt ayırıram. Amma növbəti seçkilərdə namizəd ola bilərəm. Lakin buna əvvəlcədən hazır olmalısan və sonra belə bir addım atmalısan”.

Güllə atıcılığı üzrə Olimpiadanın bürünc mükafatçısı İradə Aşumova hesab edir ki, deputat xalq üçün yaşamalıdır: “Bu yükün altına girmək böyük məsuliyyət tələb edir. Əgər bunu bacarmayacaqsansa, o ayaqqabıya ayaq salmağa dəyməz. Mən daha çox idmana vaxt ayırdığımdan, dəqiq deyə bilmərəm ki, hər deputat öz vədlərini nə dərəcədə yerinə yetirib. Çünki bu vəzifəyə seçildikdən sonra şəxsi maşınlarla gəzib, yeni obyektlər açmağı fikirləşməməlisən. Burada qayda-qanuna riayət etməli və sənə olunan hər bir müraciəti yerindəcə həll etməlisən”.

Sambo üzrə dünya çempionu, cüdo üzrə hərbçilər arasında Olimpiya çempionu Zülfiyə Hüseynova isə parlament seçkilərinə qatılmaqla bağlı qərarını qətiləşdirməyib: “İnşallah, belə bir planım var. Niyə də olmasın? Sadəcə, həftə sonuna kimi bu qərarımı qətiləşdirəcəyəm. Əgər namizədliyimi verməsəm, bu, maddi durumla bağlı olacaq. Amma dostlar bunu yoluna qoya bilər. Yəqin namizədliyimi öz rayonumuzdan - 10 yaşına kimi böyüdüyüm Beyləqandan verəcəyəm. Buraya gedib-gəlmək, təbliğat üçün imkanım olarsa, heç bir problem olmayacaq. Bunların hamısı şərtdir və birbaşa maddi durumla bağlıdır. Amma bu dəfə də olmasa, gələcəkdə namizədliyimi irəli sürəcəyəm. Vətənimin hər bölgəsini sevirəm. Bunun nəticəsidir ki, növbəti seçkilərdə namizədliyimi digər şəhərlərdən də verə bilərəm. Şuşadan da çoxlu dost-tanış var. Ola bilər ki, buradan namizədliyimi irəli sürəm. Gömrük sahəsində işləsəm də, səsi idmançı kimi qazanacağıma inanıram. Çünki mən idmandan tanınmışam”.

Cüdo üzrə Olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyev növbəti seçkilərdə namizəd olacağını istisna etmir: “Niyə də xalqıma kömək etmək istəməyim? Amma bu dəfə namizədliyimi irəli sürmək planım yoxdur. Hələ idmanla vidalaşmadığımdan, bu sahəyə böyük vaxt ayıra bilməyəcəyimdən ehtiyatlanıram. Çünki qarşıda bizi London Olimpiya Oyunları gözləyir. Buraya lisenziya qazanmaq istədiyimdən, hələlik namizədliyimi irəli sürmək fikrində deyiləm”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında AFFA-nın prezidenti Rövnəq Abdullayevin (24 saylı Nizami birinci seçki dairəsi), AFFA-nın vitse-prezidenti Rauf Əliyevin (13 saylı Xəzər birinci seçki dairəsi) və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyevin (32 saylı Suraxanı üçüncü seçki dairəsi) də adları var. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə namizədliyini hazırda deputatı olduğu 20 saylı Nərimanov ikinci seçki dairəsindən müstəqil şəkildə irəli sürəcək.

Tahir HÜMMƏTOV