16:59 21-09-2010
news_image
1106
DİGƏR NÖVLƏR

Patrik Hikki: Çingiz Hüseynzadə ilə yeni layihələr üzərində işləyirik

“Avropa Olimpiya Komitəsi 49 ölkəni birləşdirir. Statistikaya görə, gənclərin göstəriciləri böyüklərdə də təkrar olunur. Sadəcə, böyüklərdən fərqli olaraq, gənclərin Olimpiadası 12 idman növü üzrə keçirilir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Milli Olimpiya Komitəsinin inzibati binasında jurnalistlərlə görüşən Hikki gələcək planları haqda danışıb: “Biz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə yeni layihələr üzərində işləyirik. Avropa yeganə qitədir ki, burada Avropa oyunları keçirilmir. Məsələn, Amerikada Panamerika, Afrikada Millətlər Kuboku düzənlənir. Biz də gələcəkdə belə yarış keçirməyi planlaşdırırıq. 17 il öncə Beynəlxalq Olimpiya Komitəsinin hazırkı prezidenti Jak Roqq bu təşəbbüslə çıxış etmişdi. Ancaq təqvim sıx olduğundan, hələ bunu reallaşdıra bilməmişik. 17 il sonra bunu yenidən gündəmə gətirmişik. Biz bununla bağlı Avropa İttifaqı və ekspertlərlə fikir mübadiləsi aparmışıq”.

Üçüncü dəfədir ölkəmizə səfər edən Hikkinin sözlərinə görə, başçılıq etdiyi qurumun Baş Assambleyasının noyabrda Serbiyada keçiriləcək toplantısında məsələ müzakirə olunacaq: “Orada birbaşa mənim təşəbbüsümlə məsələyə aydınlıq gələcək. Avropa Oyunlarının keçirilməsi qitəmiz üçün xeyirlidir. Bu, inkişaf amilidir və gələcəkdə fərqli olacaq. Olimpiadaya ev sahibliyini bütün qitələr etməyi arzulasalar da, bu yarışda avropalılar mübarizə aparacaqlar. Yəni qitə, o cümlədən Azərbaycan üçün Avropa oyunlarına ev sahibliyi etmək daha asan olacaq. Layihəmizi həyata keçirmək üçün sponsorlara da ehtiyacımız var”.