17:48 21-09-2010
news_image
1279
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsinin prezidenti: Azərbaycanın Sinqapurda 8 medal qazanması uğurdur

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə bildirib ki, Hikki Avropa Şurası tərəfindən Avropa ölkələrində idman sahəsində baş verən mühüm prosesləri müzakirə etmək üçün iki ildən bir keçirilən konfransa gəlib. Fürsətdən istifadə edilərək MOK-a dəvət edilən Hikki KİV nümayəndələri ilə də görüşə vaxt ayırıb.

“Azərbaycanda yenidən olmaqdan məmnunam. Ölkənizə xüsusi münasibətim var. Bu idmana qayğı göstərən MOK-un prezidenti və Azərbaycan prezidenti İlham Əliyevlə dostluğumdan irəli gəlir. Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə ilə 20 ildir dostluq edirəm. Artıq 3-cü dəfədir ki, Azərbaycanda oluram. İlk gəlişimlə müqayisədə burada yaxşı mənada çox dəyişikliklər olub. Son dəfə Bakıda olarkən Çingiz müəllim mənə Dənizkənarı Parkın layihəsini göstərmişdi. Dünən isə orada olarkən 30 dəqiqə buranı tamaşa etmişəm və çox gözəlləşib. Bunun üçün heyran da qaldım” - deyə Hikki bildirib.

İdman sahəsində də Azərbaycanın irəli getdiyini vurğulayan qonaq bunun bariz nümunəsi kimi Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarını göstərib. Hikki bildirib ki, burada Azərbaycan atletlərinin 8 medal qazanması çox yüksək nəticədir: “Ölkənizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsində idmanınız daima yüksəlişdədir. Sinqapur-2010-da 12 idmançı ilə iştirak edən Azərbaycan yığmasının 5 qızıl və 3 bürünc medal qazanması böyük uğurdur”.

AOK prezidenti gələcəkdə Azərbaycanın Olimpiadaya ev sahibliyi etmək iqtidarında olduğunu deyib. Onun sözlərinə görə, bu möhtəşəm oyunlara namizədlik vermək ölkədə idmana olan sevgidən xəbər verir: “Azərbaycan 2016-cı ildə Olimpiadaya ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Bu, ölkəniz və digər dövlətlər üçün müsbət haldır. Azərbaycanda idman infrastrukturu inkişaf edir və daima dövlətin qayğısı ilə əhatə olunur. Son dəfə də Rio-de-Janeyronun Olimpiadaya ev sahibliyi etməsində bu amilin mühüm rolu oldu. Onlar 18 aylıq prosesdən sonra qalib gəldilər”.

Hikki Azərbaycana öncə Avropa Olimpiya Festivalının və ya Yeniyetmələrin Yay Olimpiya Oyunlarını keçirməyi də məsləhət görüb. O, bunun üçün əhali sayının vacibliyini də vurğulayıb: “Yeniyetmələrlə bağlı oyunların Azərbaycanda keçirilməsi tək məndən asılı deyil. Yəni səsvermə hüququna tək malik deyiləm. Olimpiadada digər amillərlə yanaşı, əhalinin sayı da mühüm rol oynayır. Həmin şəhərdə ən azı 12-15 milyon insan yaşamalıdır. Bununla yanaşı, kifayət qədər könüllülər və ekspertlər də olmalıdır. Məsələn, 2004-cü ildə Afinada Olimpiada keçirilən zaman 12 milyon əhalisi olduğu üçün müəyyən çətinliklər yaşandı. Mənim fikrimcə, Azərbaycan da əvvəlcə yeniyetmələrin oyununa ev sahibliyi etsə daha yaxşı olar. Yəni mən dediklərimin Beynəlxalq Olimpiya Komitəsinə aidiyyəti yoxdur və şəxsi fikrimdir”.

Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Trabzonda keçiriləcək gənclərin Avropa Olimpiya Festivalı barədə məlumat verib. O böyüklərlə müqayisədə gənclər və yeniyetmələrin lisenziya qazanması ilə bağlı proqnoz verməyin çətin olduğunu söyləyib: “Bu gün biz dəqiq deyə bilmərik ki, Türkiyədə hansı idmançılarımız iştirak edəcəklər. Bunlar son illərdə yetişən atletlər olduğundan proqnoz vermək də çətindir. Çünki böyüklərdə bunu təxmin etmək olursa, yeniyetmələrdə bir qədər fərqlidir”.

Tahir HÜMMƏTOV