18:11 21-09-2010
news_image
1373
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə: Biz arzumuzu kənara qoymuruq

“Azərbaycan müstəqil ölkə kimi Olimpiadalarda komanda idman növündə hələ təmsil olunmayıb. Bu bizi də çox düşündürür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK-un inzibati binasında KİV nümayəndələri ilə görüşən Hüseynzadə bildirib ki, London-2012-də bu arzunun reallaşması mümkündür. Onun sözlərinə görə, qadınlardan ibarət voleybol və otüstü hokkey komandalarımız bu istəyi reallaşdıra bilərlər: “Tarixə nəzər saldıqda Azərbaycan idmançılarının komanda idman növlərində mübarizə apardığını və medallar qazandığını görürük. Lakin burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Olimpiya Oyunlarının komanda idman növlərində yalnız böyük dövlətlər çıxış edir və bizim idmançılar da həmin vaxt keçmiş SSRİ-nin heyətində mübarizə aparıblar. Bundan əlavə, məsələn, güləşdə hər çəkidə 20 idmançı və ümumilikdə 7 çəkidə 140 güləşçi qüvvəsini sınayırsa, komanda idman növlərində bu yığmaların sayı cəmi 12-dir. Bunlar isə 5 qitəni təmsil edirlər. Bir sözlə, qitələr üzrə təxminən 2-3 yığma düşür ki, onlar da qitə çempionatın mükafatçıları deməkdir. Ölkəmizin də bu komandalar arasında yer alması üçün ciddi işlər aparılır. Biz arzumuzu kənara qoymuruq və düşünürük ki, gələcəkdə bu mümkün olacaq. Qadınlardan ibarət voleybol və otüstü hokkey komandalarımızın London-2012-yə lisenziya qazanacağına ümid edirik”.

Hüseynzadənin sözlərinə görə, Olimpiya Oyunlarında komanda idman növləri digər növlərlə müqayisədə elə də əhəmiyyətli hesab edilmir. Bu da Olimpiya prinsiplərinə əsaslanır.

Tahir HÜMMƏTOV