21:01 21-09-2010
news_image
795
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığması Rusiyada Avstriya ilə qarşılaşacaq

Sabah Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının ikinci turunun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə eyni hesablı (3,5:0,5) qələbələr qazanan kişilərdən və qadınlardan ibarət milli komandalarımızın II turdakı rəqiblərinin adları məlum olub. Hər iki komandamız o qədər də güclü olmayan, lakin ilk turda 4 xal qazanan yığma ilə görüşəcək.

Belə ki, kişilərdən ibarət yığmamız ümumi reytinqi 2587 olan və iştirakçı ölkələr sırasında 28-ci nəticəyə malik Vyetnam millisi ilə görüşəcək. Asiya təmsilçisinin şərəfini Le Quanq Liem (2694), Nquyen Nqok Truonq Son (2633), Dao Tien Hai (2520), Nquyen An Dunq (2500) və Nquyen Duk Hoa (2385) qoruyurlar. Onlar yarışın ilk günündə ikinci “yüzlük”də qərarlaşan Botsvananı 4:0 hesabı ilə məğlub ediblər. Onu da vurğulayaq ki, orta reytinqi 2694 olan millimiz (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli) bu göstəricidəki sıralamada asiyalıları 21 pillə qabaqlayır.

Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət millimiz Avstriyadan olan xanımlarla üz-üzə gələcəklər. İlk turda Tacikistanla matçda yarım xal itirən şahmatçılarımızdan fərqli sabahkı rəqibimiz Surinamı itkisiz arxada qoyub – 4:0. Bu komandanın heyətində Yeva Mozer (2436), Anna Kristina Kopinits (2210), Yuliya Novkoviç (2134) və Katarina Nyurkla (2123) çıxış edirlər. Orta reytinqi 2228 olan Avstriya turnirin 32-ci komandasıdır. Xatırladaq ki, orta göstəricisi 2270 olan millimiz (Zeynəb və Türkan Məmmədyarovalar, Xəyalə İsgəndərova, Gülnar Məmmədova və Nərgiz Umudova) bu siyahıda 26-cı pillədədir.

Qeyd edək ki, sabahlı oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.