11:14 22-09-2010
news_image
1227
DİGƏR NÖVLƏR

Bakıda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal 18-ci konfransı keçirilir - FOTO

Bu gün Bakıda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal 18-ci konfransı işə başlayıb. Apasport.az saytının məlumatına görə, iki ildən bir toplaşan idman nazirlərinin “Gülüstan” Sarayında keçirilən görüşü Avropa ölkələrində idman sahəsində baş verən mühüm prosesləri müzakirə etmək məqsədi daşıyır.

Konfransda AŞ-nin idman sahəsinin də daxil olduğu Baş Direktorluğunun rəhbəri xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, “Sport Akkord” təşkilatının rəhbəri, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti və baş katibi, eləcə də 10-a yaxın idman təşkilatının rəhbəri iştirak edirlər.

Konfransı açıq elan edən Qabriella Battaini-Draqoni sözü Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevə verib. O, Azərbaycanda idmanın günü-gündən inkişaf etdiyini və yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.

Avropa Şurası baş katibinin müavini xanım Maud de Boer-Buquççionun çıxışını əks etdirən videoçarx izlənilib və Makedoniya Gənclər və İdman Agentliyinin, AŞ Nazirlər Komitəsinin nümayəndəsi cənab Dime Spasov, Avropa Şurası Parlament Assambleyasının gənclər və idman alt komitəsinin sədri Ceceliya Keaveney və AŞ-nin İdman haqqında Genişləndirilmiş Hüdudlu Sazişinin Məşvərət Komitəsinin sədri Predraq Manojloviçin çıxışları dinlənildikdən sonra KİV nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Qabriella Battaini-Draqoni jurnalistlərin suallarını cavablandırıb.

Xanım Battaini-Draqoni bildirib ki, Avropa Şurasının idmanla bağlı konfransı ilk dəfə ölkəmizdə keçirilir: “Bu gün böyük məmnuniyyətlə Azərbaycan baş nazirinin müavininin idmanla bağlı Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər haqda söylədiklərini dinlədik. Buraya gəlməkdə məqsədlərimizdən biri də ondan ibarətdir ki, Azərbaycanın Gənclər və İdman Nazirliyinin hansı əhəmiyyətli işlər həyata keçirdiyinin şahidi olaq, infrastrukturla tanış olaq. Bunun nəticəsində mümkün qədər geniş əhali təbəqələri idmana çıxış eldə edib, bu sahədə fəaliyyət göstərə bilsinlər”.

O, Azərbaycanın beynəlxalq aləmdə də getdikcə artan əhəmiyyətə malik rol oynamasını xüsusilə qeyd edib: “Bu gün biz Avropa Şurasına üzv olan 47 ölkənin idman nazirləri və nümayəndələrinin iştirak etdiyi konfransda hüquqi müəyyənlik adlandırdığımız bir konsepsiyanı müzakirə etməyə hazırlaşırıq. Biz əvvəlcədən nəticəsi razılaşdırılmış oyunlar, qeyri-qanuni mərc oyunları, antidopinq siyasəti və idmanda zorakılığa qarşı mübarizə aparılması kimi məsələləri müzakirə edəcəyik. Bundan əlavə, gənc idmançılarının asanlıqla hərəkət edə bilməsi məsələsini müzakirə edəcəyik. Bunu təmin etmək üçün gənc idmançılara asanlıqla viza verilməlidir. Bütün bu məsələlərin idmanın ədalətli və çox şəffaf həyata keçirilməsinin təmin edilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var. İdmanda korrupsiyaya yol verilməməlidir. Heç bir şəkildə korrupsiya idman fəaliyyətinə daxil ola bilməz”.

A.Rəhimov konfransda müzakirəyə çıxarılan mövzuların Azərbaycan üçün çox vacib olduğunu bildirib: “Çünki bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda futbol totalizatoru öz fəaliyyətinə başlayır. Həmin sahədə dünyada və Avropada olan təcrübə bizim üçün çox vacibdir. Bundan əlavə, dopinq məsələsi də bizim üçün önəmlidir. Ağır Atletika Federasiyasında bununla bağlı məsələlər bizi çox narahat edir. Çox istərdik ki, dopinq məsələsində idmançılarımız olmasın. Bu istiqamətdə təbliğatın gücləndirilməsini, nəzarətin artmasını istərdik”.

Nazir idmançılarımızın viza problemi ilə üzləşməsi ilə bağlı narahatlığını gizlətməyib: “Bildiyiniz kimi, idmançılarımız viza almaqda çox əziyyət çəkirlər. Bunun nəticəsində beynəlxalq yarışlara vaxtında, qabaqcadan gedə bilmirlər. Bu da viza məsələsinin çox qısa vaxtda olması ilə bağlıdır. Çox şadam ki, Azərbaycan üçün çox vacib olan məsələlər bu gündəliyə daxil olub”.

Qeyd edək ki, konfransın I hissəsində “Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq”, II hissəsində isə “Ümumavropa idman əməkdaşlığı” mövzuları müzakirə olunacaq. İdmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə etmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzində olacaq. Bununla yanaşı, Antidopinq Konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının monitorinqi müzakirə ediləcək.