22:45 22-09-2010
news_image
716
STOLÜSTÜ OYUNLAR

Milli komandalarımız üçün: “Birləşmiş komanda” və Ukrayna

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının III turunun cütlərinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ilk iki turda fərqli nəticələr göstərən kişilərdən və qadınlardan ibarət yığmalarımızın növbəti rəqibləri də müxtəlifliyi ilə seçilir.

Yarışa CAR üzərində qələbə (3,5:0,5) ilə başlayıb, Vyetnama uduzan (1,5:2,5) kişilərdən ibarət komandamız özü kimi uğursuz start götürə rəqiblə üz-üzə gələcək. Kapitanı Zurab Azmayparaşvili olan komandamız orta reytinqinə görə 7-ci komandası olduğu turnirin ilk 2 turundan sonra 51-ci yerdə qarşılaşıb. Millimiz sabah həmin turnir cədvəlində 95-ci olan İBCA (Beynəlxalq Brayl Şahmat Assosiasiyası) ilə görüşəcək. Müxtəlif ölkə təmsilçilərində təşkil olunan “Birləşmiş komanda” ilk oyunda Rusiyanın II komandasına 0:4 hesabı ilə uduzsa da, toparlanıb Ruandanı eyni hesabla məğlub etməyi bacarıb. Orta reytinqi 2346 olan və bu göstəricidə yarışın 78-ci komandası olan rəqibimizin şərəfini rusiyalılar Yuri Meşkov (2419) və Sergey Krılov (2359), almaniyalı Oliver Mueller (2311), həmçinin ukraynalı Sergey Vasin (2295) qoruyurlar.

Tacikistan və Vyetnam üzərində qələbələr qazanan (müvafiq olaraq 3,5:0,5 və 3:1) qadınlardan ibarət yığmamızın III turda işi daha çətin olacaq. Hazırda 19-cu pillədə qərarlaşan millimiz Ukrayna yığması ilə görüşəcək. Orta reytinqi 2493 olan və bu göstəricidə yarışın 3-cü komandası olan rəqibimiz hazırda 5-ci pillədə qərarlaşıb. Ardıcıl olaraq Boliviya (4:0) və İsveçrəni (3,5:0,5) məğlub edən rəqibimizin heyəti də güclüdür. Ukraynanın şərəfini Katerina Laxno (2539), Natalya Jukova (2499), Anna Usenina (2466), İnna Qaponenko (2469) və Mariya Mujiçuk (2464) qoruyurlar.

Qeyd edək ki, sabah keçiriləcək III turun oyunları Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.