18:15 23-09-2010
news_image
2223
STOLÜSTÜ OYUNLAR

Kişi yığmamızdan inamlı qələbə, xanım şahmatçılarımız məğlub oldular - YENİLƏNİB

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk iki turda fərqli nəticələr göstərən kişilərdən ibarət yığmamız turnir cədvəlində 95-ci olan İBCA-nı (Beynəlxalq Brayl Şahmat Assosiasiyası) sınağa çəkəcək.

Olimpiadaya CAR üzərində qələbə (3,5:0,5) ilə başlayıb, Vyetnama uduzan (1,5:2,5) komandamızın kapitanı Zurab Azmayparaşvili bu turda Şəhriyar Məmmədyarova istirahət verib. Hər iki görüşdə heç-heçə ilə kifayətlənən qrossmeysterimizi Eltac Səfərli əvəzləyəcək.

2 turdan sonra 51-ci yerdə qarşılaşan milli komandamızın rəqibi olacaq “Birləşmiş komanda”nın heyətində şahmatçılarımıza qarşı 3 ölkənin zəka sahibləri - rusiyalılar Yuri Meşkov (2419) və Sergey Krılov (2359), almaniyalı Oliver Mueller (2311), həmçinin ukraynalı Sergey Vasin (2295) mübarizə aparacaqlar.

Tacikistan və Vyetnam üzərində qələbələr qazanan (3,5:0,5 və 3:1) qadınlardan ibarət yığmamızın III turda işi daha çətin olacaq. Hazırda 19-cu pillədə qərarlaşan millimiz Ukrayna yığması ilə görüşəcək. Orta reytinqi 2493 olan və bu göstəricidə yarışın 3-cü komandası olan rəqibimiz hazırda 5-ci pillədə qərarlaşıb. Yığmamızın kapitanı Fikrət Sideifzadə ukraynalılarla oyunda yalnız II turda heyətdə yer verdiyi və görüşü məğlubiyyətlə başa vuran Xəyalə İsgəndərovanı yenidən ehtiyatda saxlayıb.

Qeyd edək ki, III turun oyunları Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

III tur
Kişilər
İBCA - Azərbaycan
- 0:4

Yuri Meşkov (2419) - Teymur Rəcəbov (2748) - 0:1
Sergey Krılov (2359) - Rauf Məmmədov (2660) - 0:1
Oliver Mueller (2311) - Qədir Hüseynov (2611) - 0:1
Sergey Vasin (2295) - Eltac Səfərli (2607) - 0:1

Qadınlar
Ukrayna - Azərbaycan - 3:1


Katerina Laxno (2539) - Zeynəb Məmmədyarova (2234) - 0,5:0,5
Natalya Jukova (2499) - Türkan Məmmədyarova (2301) - 0,5:0,5
İnna Qaponenko (2469) - Gülnar Məmmədova (2293) - 1:0
Mariya Mujiçuk (2464) - Nərgiz Umudova (2251) - 1:0