11:50 23-09-2010
news_image
1267
DİGƏR NÖVLƏR

Aliyə Qarayeva: Özüm haqqımda belə deməzdim

“Mən Rusiyanın paytaxtı Moskvada yaşayıram və İrina Vinerin Akademiyasında hazırlıq keçirəm”. Apasport.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Aliyə Qarayeva deyib.

Rusiyada keçirilən dünya çempionatında halqa ilə hərəkətlərdə komandamıza bürünc medal qazandıran Qarayeva burada özünü Bakıdakı kimi hiss edir: “Moskva mənim ikinci evimdir. Burada mənim valideynlərim yaşayır və atam işləyir. Bununla yanaşı, Rusiyada çoxlu rəfiqələrim var. Ona görə Moskvada yarışmaq Bakıda olduğu kimidir. Yəni burada çıxışım zamanı azarkeşlərin reaksiyası Azərbaycan paytaxtında olduğu kimidir. Yerləşdirilmə və qidalanma da xoşuma gəlir”.

Yığmamızın üzvü general olmağı arzulasa da, rusiyalı rəqiblərinin güclü olduğunu etiraf edib: “Əlbəttə, pis əsgər general olmağı arzulamayandır. Amma rusiyalı gimnastlar əvəzedilməz liderlərdir. Fikrimcə, onlara çatmaq üçün zamana ehtiyacımız var. Düzdür, dünya çempionatının startından öncə Ümumrusiya Gimnastika Federasiyasının rəhbəri məni yığma komandalarının əsas rəqiblərindən biri kimi dəyərləndirmişdi. Bunu eşitmək xoşdur. Lakin mən özüm haqqımda belə deməzdim. Dünya çempionatında 3-cü yer uğrunda mübarizə aparmalıyam. Əgər Rusiya yığmasının liderləri Yevgeniya Kanayevaya və ya Darya Kondakovaya nəsə olsa, gümüş medala iddia edə bilərəm. Amma bundan artığına yox”.

Qeyd edək ki, Moskvada keçirilən dünya çempionatı sentyabrın 26-da yekunlaşacaq.