08:54 24-09-2010
news_image
1202
DİGƏR NÖVLƏR

Dünya çempionatında daha 2 medal

Rusiyanın paytaxtı Moskvada keçirilən bədii gimnastika üzrə dünya çempionatında milli komandamız uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, top və lentlə hərəkətlərin final mərhələsində mübarizə aparan yığmamızın lideri Aliyə Qarayeva ölkəmizin aktivinə daha 2 medal yazdırıb. Belə ki, topla çıxışı hakimlər tərəfindən 27,550 balla qiymətləndirilən təmsilçimiz dünya çempionatında üçüncü yeri tutub. Topla yarışların qalibi adını 28,700 xalla Yevgeniya Kanayeva (Rusiya) qazanıb. Gümüş mükafat isə rusiyalı Darya Dmitriyevaya (28,650) qismət olub.

Qarayeva lentlə çıxışların final mərhələsini də medalla başa vurub. Bu dəfə rusiyalılar - Darya Dmitriyeva 28,825 xalla qızıl, Darya Kondakovanın 28,750 balla gümüş medal qazandığı dünya çempionatında Qarayeva 28,050 xal toplayıb. Bu da onun yenidən fəxri kürsünün üçüncü pilləsinə yüksəlməsi ilə nəticələnib.

Beləliklə, sentyabrın 26-da başa çatacaq mundialda Azərbaycan yığmasının aktivində 4 bürünc medal var. Onlardan 3-ünü komandamıza Aliyə Qarayeva qazandırıb. Digər medala isə yığmamız komanda hesabında sahib olub.

Qeyd edək ki, dünya çempionatında bu gün çoxnövçülük yarışlarının mükafatçıları müəyyənləşəcək. Bu yarışlarda Aliyə Qarayeva və Anna Qurbanova iştirak edəcəklər.